CƏMİYYƏT
AIDA Agentliyinin Benində və Çadda keçirdiyi aksiyalar nəticəsində yüzlərlə insan görmə qabiliyyətinə qovuşub
Bakı, 22 iyul (AZƏRTAC). Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyalarını cari ilin iyununda Benində və Çadda keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 506 nəfər Benində, 835 nəfər isə Çadda cərrahi əməliyyat olunaraq yenidən görmə qabiliyyətinə qovuşublar. Ümumilikdə isə bu humanitar aksiyalar zamanı görmə problemi olan 11 min 640 şəxs ödənişsiz əsasda müayinədən keçib.
AIDA-nın iştirak etdiyi bu aksiya hər iki ölkənin hökuməti tərəfindən yüksək qiymətləndirilib və yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.