İDMAN
AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) yaradılmasının 100 illik yubileyi və 2 İyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJA prezidenti Eldar İsmayılov Azərbaycanın AIPS-in fəaliyyətindəki rolundan bəhs edib, idman jurnalistlərindən ibarət futbol komandasının Beynəlxalq Media Kubokundakı qələbəsini xüsusi vurğulayıb.
İdman jurnalistlərini əlamətdar gün münasibətilə təbrik edən Eldar İsmayılov daha sonra 2023-cü ildə fərqlənən media qurumlarını və nümayəndələrini mükafatlandırıb. Laureatlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də yer alıb. Belə ki, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” adına layiq görülüb.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində AIPS-in yaradılması barədə qərar qəbul olunub. Qurumun təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd edilir.
AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar keçirir.
Azərbaycan da AİPS-in fəaliyyətində fəal iştirak edir. Qurumun 90 illik yubileyi 2014-cü ildə Azərbaycanda keçirilib. Həmin tədbirdə Prezident İlham Əliyevin də iştirakı Azərbaycanın AIPS-in fəaliyyətində verdiyi böyük önəmin təzahürüdür.