ELM VƏ TƏHSİL
Akademik: “SMOMPK” məcmuəsində Azərbaycan folklor nümunələrinin böyük qismi erməniləşdirilib
![Akademik: “SMOMPK” məcmuəsində Azərbaycan folklor nümunələrinin böyük qismi erməniləşdirilib](/files/2022/1/1200x630/16508750975147430212_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
1881-1929-cu illər arasında nəşr olunan “SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar)” məcmuəsində Azərbaycan folklor nümunələrinin böyük qismi erməniləşdirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il Folklor İnstitutunun nəşr etdiyi “SMOMPK-də Azərbaycan folkloru materialları” toplusunun IV cildi bütövlükdə bu məcmuədə erməni folkloru adı altında çap olunmuş materialları əhatə edib. Topluda erməni aşığı Vartan Xoyskinin vücudnaməsinə toxunan akademik bildirib ki, S.Zelinskinin təqdim etdiyi vücudnamə Azərbaycan aşıq sənətinin ermənilərə təsirinin əyani göstəricisidir. Həmin vücudnamənin bir bəndi belə bu təsirin nə dərəcədə olduğu haqda aydın təsəvvür yaratmağa kifayət edir. Fikirlərinə davam edən akademik vurğulayıb ki, “SMOMPK” məcmuəsində erməni adı altında çap olunan Azərbaycan folkloru örnəkləri - mərasim nəğmələri, əfsanə, rəvayət, nağıl, lətifə və digər janrları əhatə edir. Həmin mətnlərin istənilən prizmadan analizi onların Azərbaycan folkloruna məxsus nümunələr olduğunu ortaya çıxarır. Belə nümunələrdə Azərbaycan folkloru ilə bağlılığın ən üzdə olan əlaməti obrazlar sistemində, adlarda özünü göstərir. Nəğmələrdə Azərbaycan folkloru həm də dil baxımından özünü açıq-aşkar büruzə verir.
“Obraz və motivlərin bənzərliyi coğrafi baxımdan bir-birindən xeyli uzaqda olan xalqlarda da müşahidə edilə bilər. Amma bu, heç kimə haqq vermir ki, qonşu xalqın folklor nümunələrini öz xalqının folkloru kimi təqdim etsin”, - deyə akademik Muxtar İmanov əlavə edib.