İQTİSADİYYAT
Aktauda “Azad İqtisadi Zonalarda gömrük məsələlərinin həlli” mövzusunda müşavirə keçirilmişdir
Aktau, 10 mart (AZƏRTAC). Aktauda Azərbaycan və Qazaxıstanın gömrük komitələri nümayəndələrinin iştirakı ilə “Azad İqtisadi Zonalarda (AİZ) gömrük məsələlərinin həlli” mövzusunda müşavirə keçirilmişdir. Tədbirdə Azərbaycanı ölkəmizin Aktaudakı baş konsulu Rəşad Məmmədov və Dövlət Gömrük Komitəsinin iki məsul əməkdaşı təmsil etmişdir.
Müşavirəni Qazaxıstan Gömrük Nəzarəti Komitəsinin Məngistay vilayət Departamentinin rəisi Anauar Çujekulov açmış və müasir dövrdə gömrük xidmətinin qarşısında duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, hazırda Qazaxıstanda altı AİZ mövcuddur.
R.Məmmədov çıxışında Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışmış, onun yükdaşınmalarda tranzit ölkə kimi əhəmiyyətli iqtisadi mövqeyi haqqında məlumat vermişdir. Tədbirdə Azərbaycanda gömrük işinin qurulması, bu sahədə tətbiq olunan yeniliklər və islahatlar haqqında danışılmış, AİZ-lərin yaradılması istiqamətində Qazaxıstanın təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktrau