DÜNYA
Aleksandar Vuçiç: Serbiya Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq
Belqrad, 24 avqust (AZƏRTAC). Serbiya Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayacaq.
Bu barədə Serbiyanın Baş naziri Aleksandar Vuçiç məlumat verib. O bildirib ki, Serbiya Aİ-nin qəbul etdiyi qərarlara hörmətlə yanaşır, lakin Rusiya ilə mövcud ticarət əlaqələrini təhlükə altına atmaq düzgün deyil.
Aİ-yə üzvlüyün Serbiyanın əsas strateji hədəfi olduğunu qeyd edən A.Vuçiç deyib: “Rusiya ilə yaxın əlaqələri qoruyub saxlamaq da bizim üçün əsas prioritetlərdəndir”.
Ukrayna hadisələrinə münasibət bildirən Serbiya rəsmisi vurğulayıb ki, ölkəsi həmin ərazidə sülhün bərqərar olunmasını istəyir. O deyib: “Biz Ukraynanın suverenliyinə hörmətlə yanaşırıq. Lakin ölkəmizin ticarət maraqlarını da düşünməliyik”.
Baş nazir, həmçinin serbiyalı könüllülərin Ukraynada döyüşməsi məsələsinə də toxunub və onları doğma vətənə qayıtmağa çağırıb. Vurğulayıb ki, bu çağırışa əməl olunmasa lazımi tədbirlər görüləcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad