ELM VƏ TƏHSİL
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Festival ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə keçirilir.
ADPU, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 150-dək tələbəsi ulu öndərə həsr olunmuş şeirlər səsləndirmiş, Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa etmişlər.
Respublikanın tanınmış ədəbiyyat və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunan qaliblər mükafatlandırılacaqdır.
Qeyd edək ki, respublikanın 26 ali təhsil müəssisəsi üzrə aparılan festivalın final mərhələsi mayın birinci ongünlüyündə keçiriləcəkdir.