CƏMİYYƏT
Alman Azərbaycan Dostluq Körpüsü mina terroru ilə bağlı Ermənistanın yolverilməz davranışını pisləyib
![Alman Azərbaycan Dostluq Körpüsü mina terroru ilə bağlı Ermənistanın yolverilməz davranışını pisləyib](/files/2023/2/1200x630/16899697792279751655_1200x630.jpg)
Bakı, 22 iyul, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Körpüsü ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Alman Azərbaycan Dostluq Körpüsü adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib. Qeyd edilib ki, bu dəhşətli hadisə Hamburqda yaşayan soydaşlarımızda dərin narahatlıq doğurub.
Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsinin göstəricisi olan bu insident beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi dəyərləndirilib.
Ermənistanın mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olaraq qaldığı bir daha diqqətə çatdırılıb. Mina təhlükəsinin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə böyük əngəllər törətdiyi xüsusilə vurğulanıb.
Alman Azərbaycan Dostluq Körpüsü beynəlxalq ictimaiyyəti mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.