DÜNYA
Alman siyasətçilər Nulandın telefon danışığına gizli qulaq asılması faktını tənqid edirlər
Berlin, 8 fevral (AZƏRTAC). Avropa Parlamentinin Almaniyada hakim XDİ/XSİ mühafizəkar blokundan olan alman deputatları Avropa İttifaqının ünvanına kobud ifadələr işlətmiş Amerika diplomatlarının məxfi söhbətinə gizli qulaq asılması ilə əlaqədar xarici dövlətin xüsusi xidmətlərinin hərəkətlərini tənqid etmişlər. Şənbə günü Avropa Parlamentinin Xarici işlər üzrə komitəsinin rəhbəri, xristian-demokrat Elmar Brok “Die Welt” qəzetinə verdiyi müsahibədə demişdir: “Telefon danışıqlarına gizli qulaq asılması yolu ilə amerikalıları və avropalıları bir-birinə qarşı qızışdırmaq üçün istifadə olunan bu üsul dezinformasiya siyasətinin köhnə üsuludur”.
Onun sözlərinə görə, Brüssel təmkinli olmalıdır, hətta orada Birləşmiş Ştatların Kiyevdəki səfiri ilə söhbətdə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın dediklərindən müəyyən əsəbilik keçirilsə belə. Parlamentin alman üzvü etiraf edərək demişdir: “ Əlbəttə, Avropa haqqında Nuland kimi danışmaq lazım deyildi, amma ən başlıcası budur ki, o, üzr istəmişdir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin