İQTİSADİYYAT
Almaniyada “CeBIT 2012” sərgisi açılmışdır
Bakı, 6 mart (AZƏRTAC). Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları sərgilərindən olan “CeBIT-2012” beynəlxalq informasiya texnologiyaları sərgisi işə başlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərginin işində Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sərgidə son illərdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan stendində ölkədə həm dövlət, həm də özəl şirkətlər tərəfindən həyata keçirilən layihələr də nümayiş olunacaqdır.
Builki sərginin əsas mövzusu informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bu mövzunu təşkilatçılar son vaxtlar sosial şəbəkələrdə fərdi məlumatların mühafizəsi ilə bağlı baş verən qalmaqallar və diskussiyalar, eləcə də kibercinayətkarlığın artması ilə əlaqədar müzakirə etmək qərarına gəlmişlər.
Martın 10-dək davam edəcək “CeBIT 2012”-də dünyanın 70 ölkəsinin 4 min 200-dən çox şirkəti iştirak edir.