REGİONLAR
Almaniyada təşkil ediləcək sərgilərdə Azərbaycanın iştirak imkanları müzakirə edilmişdir
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyanın “Messe Berlin” sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi xanım İrina Keyko ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Almaniyada təşkil ediləcək sərgilərdə ölkəmizin iştirak imkanları müzakirə edilmişdir.
Nazir İsmət Abasov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı haqqında məlumat vermişdir.
İ. Abasov bildirmişdir ki, “Beynəlxalq Yaşıl Həftə” sərgisi kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir tədbirdir. Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarını nümayiş etdirməsi artıq ənənəyə çevrilmişdir.
Nazir bu ilin yanvar ayında keçirilən “Beynəlxalq Yaşıl Həftə 2012” sərgisində milli pavilyonda ölkəmizin 20-dən çox şirkət və müəssisəsində istehsal olunan 300 çeşiddə aqrar istehsal və emal məhsullarının nümayiş etdirildiyini qonağın diqqətinə çatdırmışdır.
İrina Keyko növbəti illərdə Azərbaycanın bu sərgidə ayrıca bir pavilyonda öz kənd təsərrüfatı məhsullarını nümayiş etdirmək məsələsini təklif etmişdir.