İDMAN
Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib
Bakı, 8 may, AZƏRTAC
Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçirilib. Turnir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, turnirin təntənəli açılış mərasimində Vaysvasser şəhər meriyasının rəhbəri, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Almaniyanın və Azərbaycan dövlət himlərinin səsləndirilməsi ilə start verilən çempionatı 2 minə yaxın tamaşaçı izləyib.
Turnirdə ukraynalı boksçu Oleksandr Hareşenko, Almaniya boksçuları Tino Fröhliç və Dominik Kosel, Polşa boksçusu Tomas Andreevski və digər ölkələrdən olan peşəkar boksçular Heydər Əliyevin adını daşıyan kəmərlər uğrunda mübarizə aparıblar.
Çempionatın qalibi alman boksçu Tino Fröhliç (ağır çəkidə) olub. O, ukraynalı rəqibi Oleksandr Hareşenko üzərində qələbə qazanıb. Orta ağır çəkidə isə almaniyalı boksçu Dominik Kosel ölkəmizi təmsil edən Fərşid Rostamiyə qalib gəlib.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, Ümummilli Liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.