SİYASƏT
Almaniyanın “Märkische Oderzeitung” qəzeti: Azərbaycan “Qafqaz pələngi”dir
Berlin, 13 aprel (AZƏRTAC). Almaniyanın “Märkische Oderzeitung” qəzetində Almaniya-Azərbaycan iqtisadi əlaqələri haqqında “Azərbaycan Almaniyanın iqtisadi maraqlarının mərkəzinə doğru irəliləyir” adlı məqalə dərc olunmuş və Azərbaycan iqtisadi inkişafına görə “Qafqaz pələngi” adlandırılmışdır.
Məqaləyə Azərbaycanda Almaniyanın ticarət palatasının açılması haqqında iki dövlətin xarici işlər nazirləri tərəfindən əldə edilmiş razılaşmanın qeyd olunması ilə giriş verilir və bildirilir ki, Almaniyanın Azərbaycandakı iqtisadi maraqları bu ölkədə 2005-ci ildən bəri mövcud iqtisadi sıçrayış və xüsusilə də tikinti sahəsində sürətli inkişafla bağlıdır. Daha sonra Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) təşkilatının rəhbəri Florian Şröderin Azərbaycanın iqtisadi inkişafı haqqında sözləri öz əksini tapır: “Bura böyük məqsədləri və layihələri olan gənc ölkədir. Bu layihələrin icrası üçün beynəlxalq təcrübəyə ehtiyac vardır. İqtisadiyyat 2005-ci ildən bəri 500 faiz artmışdır. Azərbaycan qonşu Gürcüstanda ən böyük investor və bir növ “Qafqaz pələngi”dir”.
Daha sonra məqalədə Azərbaycanın iqtisadi inkişafının Bakı şəhərində və bölgələrdə gedən intensiv və müasir tikinti işlərində əksini tapdığı ifadəsi qeyd olunur. Bildirilir ki, Bakı cari ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək, 2020-ci il Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürmüş və Gürcüstan ilə birlikdə futbol üzrə Avropa çempionatını keçirmək üçün müraciət etməyi planlaşdırır. Məlumat verilir ki, Almaniya Azərbaycanın ticarət tərəfdaşları siyahısında 644 milyon avro dövriyyə ilə üçüncü yeri tutur. Azərbaycan Almaniyadan tikinti materiallarından tutmuş qida məhsullarına qədər çoxlu çeşiddə məhsul idxal edir.
Məqalədə belə bir nəticəyə gəlinir ki, AFR xarici işlər naziri Guido Vestervelle son günlərdə Azərbaycanın timsalında kasıb deyil, özünə inamlı bir ölkəyə səfər etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin