ALMATIDA 7-Cİ AVRASİYA MEDİA FORUMU İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində 7-ci Avrasiya Media Forumu işə başlamışdır. Forumda dünyanın 50-dən çox ölkəsindən 450-dən artıq siyasətçi, beynəlxalq ekspert, politoloq, tanınmış jurnalist və yazıçı, həmçinin nüfuzlu beynəlxalq nəşrlərin baş redaktorları, o cümlədən BMT, NATO və ATƏT-in nümayəndələri iştirak edir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri (1977-1981), tanınmış siyasətçi Zbiqnev Bzejinski, ATƏT-in Baş katibi Mark Perrin Brişambo, NATO-nun nümayəndəsi Tuqay Tuncer və digər tanınmış şəxslər də nümayəndələr arasındadır.
Tədbirdə ölkəmizi səfir Lətif Qəndilov, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Elxan Nuriyev, Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) əməkdaşı Nazim Xıdırov və “Trend” agentliyinin direktoru İlqar Hüseynov təmsil edirlər.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev, BMT Baş Məclisi 62-ci sessiyasının prezidenti Serjana Kərim və Media Forum Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva iştirakçıları salamlamışdır.
Forumun ilk günü “Separatizmin gücləndirilməsi və özünütəyinetmə hüququ-Kosovo”, “Ötən il dünyada baş vermiş mühüm siyasi və iqtisadi hadisələr və KİV-lərin bu məsələlərə münasibəti”, “Ümumdünya maliyyə sisteminin qeyri-sabit dövrü” “Müasir dünyada “dondurulmuş münaqişələr”- demokratik təhlükəsizliyin ölçü prinsipləri” və digər mövzularda müzakirələr aparılmışdır.
Birinci məsələnin müzakirəsində Kosovo ilə yanaşı, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemləri diqqət mərkəzində olmuşdur. Sessiyada iştirak edən Elxan Nuriyev bildirmişdir ki, Kosovonun müstəqilliyinin tanınması Dağlıq Qarabağ üçün presedent ola bilməz, çünki bunlar ayrı-ayrı məsələlərdir. Hazırda Azərbaycan regionda ən güclü ölkələrdən biridir və ölkəmizin iqtisadiyyatı yüksələn xətlə inkişaf edir. Bu amil belə münaqişələrin həllində çox mühümdür.
Media forum işini davam etdirir.