ALMATIDA YEDDİNCİ AVRASİYA MEDİA-FORUMU BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 25-də Qazaxıstanın Almatı şəhərində yeddinci Avrasiya Media-Forumu öz işini başa çatdırmışdır.
Forumda dünyanın 50-dən artıq ölkəsindən 500-ə yaxın siyasətçi, beynəlxalq ekspert, politoloq, tanınmış jurnalist və yazıçı, həmçinin nüfuzlu beynəlxalq nəşrlərin baş redaktorları, o cümlədən BMT, NATO və ATƏT-in nümayəndələri iştirak etmişlər.
Tədbirin ikinci günü “Qeyri-real məkanda real münaqişələr”, “ABŞ-da baş vermiş mühüm hadisələrin işıqlandırılmasında KİV-lərin rolu. ABŞ-da seçkilər”, “Postsovet məkanının liderləri. Onlar kimlərdir?”, “Regional jurnalistikanın inkişaf problemləri”, “Çin diqqət mərkəzindədir” mövzularında müzakirələr olmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Nuriyev müzakirələrdə yaxından iştirak etmişdir.
Media-Forumun iştirakçıları arasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, tanınmış siyasətçi Zbiqnev Bzejinski, ATƏT-in baş katibi Mark Perrin Brişambo, NATO-nun nümayəndəsi Tuqay Tuncer, Bənazir Bhuttonun bacısı Fatima Bhutto və digər tanınmış şəxslər olmuşlar.
Tədbiri Media-Forum Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva yekunlaşdırmış, iki gün ərzində 2007-ci ildə dünyada və regionda baş vermiş ictimai-siyasi hadisələrlə bağlı ciddi müzakirələr aparıldığını qeyd etmiş, iştirakçılara minnətdarlığını bildirmişdir.