İDMAN
Amber Hill: Birinci Avropa Oyunlarının çempionu olmaq böyük şərəfdir
Bakı, 20 iyun, Əziz Məmmədov, AZƏRTAC
Final görüşündə italiyalı Diana Bakozi mənə çox güclü müqavimət göstərdi. Lakin bilirdim ki, bütün Britaniya məndən yalnız ən yüksək əyarlı medal gözləyir. Buna görə də mən uduza bilməzdim. Çox şadam ki, köhnə qitənin ilk Oyunlarında qalib gələ bildim. Birinci Avropa Oyunlarının çempionu olmaq böyük şərəfdir.
Birinci Avropa Oyunlarında qadınlar arasında dairəvi stenddə atəşaçma (skit) üzrə qızıl medal qazanmış britaniyalı idmançı Amber Hill bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Böyük britaniyalı idmançı Bakı haqqında və birinci Avropa Oyunlarının təşkili barədə təəssüratlarını da bölüşüb. Amber Hill deyib: “Bakı çox xoşuma gəldi. Burada qədim memarlıq abidələri ilə müasir tikililər bir-birini çox gözəl tamamlayır. “Bakı 2015” Oyunlarının yüksək səviyyədə təşkil olunmasını da qeyd etmək istəyirəm. Azərbaycan Avropa Oyunlarına hərtərəfli hazırlaşıb. Hesab edirəm ki, birinci Avropa Oyunları geniş miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirdir”.