QAN YADDAŞI
AMEA akademik Y.Məmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə institutun foyesində faciənin dəhşətlərini əks etdirən “Vətən harayı” mövzusunda fotostendlərlə tanış olmuşlar.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov ermənilərin zaman-zaman apardığı soyqırımı siyasətinin davamı olaraq törətdikləri Xocalı faciəsi haqqında danışmış, onu insanlığa sığmayan dəhşətli qətl adlandırmışdır. Bildirilmişdir ki, keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edən ermənilər köməksiz və dinc əhaliyə amansız divan tutmuş, yeddi min əhalisi olan şəhər yerlə yeksan edilmişdir.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər həyata keçirilir.
Tədbirdə AMEA-nın müxbir üzvü Akif Əzizov və digərləri çıxış edərək erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri pisləmiş, heç zaman xalqımızın yaddaşından silinməyəcəyini qeyd etmişlər.
Sonda Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarını əks etdirən sənədli film və videogörüntülər göstərilmişdir.