ELM VƏ TƏHSİL
AMEA-da “Dünya və regional fəlsəfə kontekstində Azərbaycan fəlsəfə tarixinin problemləri” mövzusunda elmi konfrans keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda tanınmış filosof, Əməkdar Elm Xadimi, Prezident təqaüdçüsü, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin anadan olmasının 80 illiyinə həsr edilmiş “Dünya və regional fəlsəfə kontekstində Azərbaycan fəlsəfə tarixinin problemləri” mövzusunda elmi konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan fəlsəfə tarixinin problemləri, onun dünya fəlsəfəsində yerinin və rolunun dərk edilməsi zərurəti, milli Azərbaycan fəlsəfə tarixinin və regional kontekstin əlaqələndirilməsi məsələsi müzakirə edilmişdir.
İnstitutun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, bu məsələlərin təhlili həm AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun fəaliyyətinin böyük hissəsində, həm də konkret olaraq Z.Quluzadənin əsərlərində əksini tapmışdır. İ.Məmmədzadə tanınmış alimin elmi yaradıcılığını yüksək qiymətləndirmiş, onu yubileyi münasibətilə təbrik etmişdir.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev Z.Quluzadənin Azərbaycan elminə verdiyi töhfələrdən, fəlsəfə sahəsinin inkişafında əvəzsiz rolundan danışmış, onun zəngin irsinin uzun illər boyu tədqiq ediləcəyini vurğulamışdır.
Sonra K.Abdullayev HİEB-nin fəxri fərmanını yubilyara təqdim etmiş, ona xoş arzularını çatdırmışdır.
FSHİ-nun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Solmaz Rzaquluzadə yubilyarın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci il martın 17-də ziyalı ailəsində doğulmuşdur. 1949-cu ildə orta məktəbi fərqlənmə ilə başa vurub Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda çalışır.
Z.Quluzadə fəlsəfi fikir tarixi üzrə tanınmış mütəxəssislərdən biri sayılır.
Alim 1970-ci ildə “Antaqonist cəmiyyətdə üstqurumun rolu” namizədlik dissertasiyasını müdafiə etmişdir. Alimin doktorluq işi isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə- “Hürufilik və onun Azərbaycandakı nümayəndələri”nə həsr olunmuşdur.
Z.Quluzadənin “Hürufilik və onun Azərbaycandakı nümayəndələri” kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər. Bundan başqa, Azərbaycan məkanında Qərb-Şərq problemi fəlsəfi aspektdə ilk dəfə Z.Quluzadə tərəfindən tədqiq olunmuşdur.
Alimin elmi fəaliyyətində onun təşəbbüsü və baş redaktorluğu ilə 1996-cı ildən nəşr olunan “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalının xüsusi yeri vardır. Müxtəlif dillərdə xülasələrlə dərc edilən həmin jurnal Azərbaycan mədəniyyəti tarixində fəlsəfəyə dair ilk jurnaldır və əhatə etdiyi problemlərə, adına görə müasir dünya mədəniyyətində analoqu yoxdur.
Tədbirdə “Dünya və regional fəlsəfə tarixi kontekstində Azərbaycan fəlsəfə tarixinin problemləri”, “Azərbaycan fəlsəfə tarixinin öyrənilməsi: ali məktəb təcrübəsi”, “İslam fəlsəfəsinin ən yeni tarixində milli fəlsəfənin yeri və əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilmişdir.