AMEA-nın magistrantları ilə görüş keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun akademiyanın magistrantları ilə görüşü keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ə.Sadıqov ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, o cümlədən akademiyada bu istiqamətdə əldə edilən uğurlardan danışıb. O, Prezident İlham Əliyevin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə bütün təhsil səviyyələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılmasını yüksək qiymətləndirib.
Ə.Sadıqov AMEA-da 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrini təhlil edib, cari sessiyada akademiyanın 81 magistrantının əlaçı təqaüdünə layiq görüldüyünü söyləyib. Həmçinin qarşıdan gələn yay imtahan sessiyasında magistrantlara tədris prosesinə daha məsuliyyətlə yanaşmalarını tövsiyə edib. O qeyd edib ki, tədris planında nəzərdə tutulmuş fənləri tam mənimsəyən və müvəffəq qiymət alan II kurs magistrantlar bu il magistrlik dissertasiyasının müdafiəsinə buraxılacaqlar və onların elmi işi ixtisaslaşdırılmış şuralar tərəfindən obyektiv qiymətləndiriləcək.
İdarə rəisi AMEA prezidentinin 2019-cu il 31 yanvar tarixli sərəncamına əsasən akademiyanın magistraturasında təhsil alan tələbələr arasında keçirilən “Magistr-2019” müsabiqəsində mükafata layiq görülmüş gəncləri təbrik edib, elmi müsabiqələrin təhsildə əhəmiyyətindən söz açıb, bu istiqamətdə işlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ə.Sadıqov gənc alimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb, AMEA-da təhsil alan doktorant və magistrantların yataqxana ilə təmin olunduğunu qeyd edib. Bundan əlavə, tədrisdə və tədqiqatda fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünün təsis edilməsinin gənc tədqiqatçıların elmə olan həvəsinin daha da artmasına təkan verəcəyini vurğulayıb.
Sonra AMEA-nın magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev “Magistrantların dissertasiya işinin quruluşu və tərtibi” mövzusunda təqdimatla çıxış edib. F.Feyziyev qiymətləndirmənin iki mərhələdə aparılacağını söyləyib, dissertasiya işinin yazılma qaydasının texniki xüsusiyyətlərini açıqlayıb, seçilən mövzuların yeni, aktual və tətbiqi əhəmiyyətinin nəzərə alınacağını bildirib.
Daha sonra magistrantların təklifləri dinlənilib, sualları cavablandırılıb.