ELM VƏ TƏHSİL
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki məsələlərlə bağlı məlumat vermişdir.
İclasda AMEA üzvlərinin siyahı tərkibi, akademiklər Siyavuş Qarayevin anadan olmasının 70 və Şamxal Tağıyevin 90 illik yubileylərinin keçirilməsi, AMEA-nın müxbir üzvü Novruz Quliyevin, fəlsəfə üzrə elmlər doktorları Q.Kazımovun və O.Səmədovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələlərinə baxılmış və təsdiq edilmişdir.
Bir sıra kadr məsələlərinə də baxılmışdır.
AMEA RH-in qərarı ilə N.İsmayılov, S.Məmmədov AMEA Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi vəzifələrinə, M.Mustafayev AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri vəzifəsinə, İ.İbrahimova H.Cavidin Ev Muzeyinin elmi katibi vəzifəsinə, N.Seyidəliyev və İ.Cəfərov AMEA Dilçilik İnstitutunun baş elmi işçisi vəzifələrinə, AMEA-nın müxbir üzvü Kamal Abdullayev “AMEA-nın Xəbərləri” (humanitar elmləri seriyası) jurnalının baş redaktoru vəzifəsinə təyin edilmişdir.
Sonra M. Kərimov Prezident İlham Əliyevin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən həyata keçirilən Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsinin təqdimatında iştirakını onun tariximizə və maddi-mədəniyyət abidələrimizə göstərdiyi diqqət və qayğının təcəssümü kimi dəyərləndirmişdir. O, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar beynəlxalq tələblər səviyyəsində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərini də yüksək qiymətləndirmişdir.