SİYASƏT
Amerika Yəhudi Komitəsinin Dallas bölməsində Azərbaycanla bağlı müzakirələr keçirilmişdir
Vaşinqton, 22 iyun (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfirliyinin verdiyi məlumata görə, Amerika Yəhudi Komitəsinin Texas ştatının Dallas bölməsinin iyunun 19-da keçirilmiş növbəti toplantısında əsas müzakirə mövzusu Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri olmuşdur. Toplantının qonağı olmuş Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat vermiş, onun tarixi və geosiyasi əhəmiyyətindən söz açmış, iqtisadiyyatının və neft-qaz sənayesinin tərəqqisi barədə danışmışdır. Uzun əsrlərdən bəri Azərbaycanda hökm sürən dözümlülük ənənələri iştirakçıların diqqətinə çatdırılmış, din, dil və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan əhalisinin qarşılıqlı anlaşma içərisində yaşadığı vurğulanmışdır. ABŞ və İsrail ilə münasibətlərimiz haqqında danışarkən F.İsmayılov bu münasibətlərin çoxşaxəli xarakter daşıdığını və onların yüksələn xətlə inkişaf etdiyini göstərmiş və mövcud əməkdaşlığın xalqlarımız arasındakı möhkəm dostluğa və eləcə də məhsuldar ticarət və iqtisadi əlaqələrə söykəndiyini qeyd etmişdir. Azərbaycan əsgərlərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdikləri önə çəkilmişdir. Həmçinin Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinin təmin edilməsinə yetirdiyi töhfə barədə məlumat verilmişdir. Həmçinin tədbir iştirakçılarının diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri çatdırılmış və xalqımızın 20 ildən artıq müddətdə üzləşdiyi ədalətsizlik xüsusilə qeyd olunmuşdur. Maraqla qarşılanmış məruzənin ardınca iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır.
Yusif Babanlı
Vaşinqton