İDMAN
Anapada velosiped idmanının şosse növü üzrə ümumrusiya yarışı keçirilmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Anapa şəhərində velosiped idmanının şosse növü üzrə ümumrusiya yarışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında 75 kilometr məsafəyə yarışlarda ilk iki yeri Rusiyanın Krasnodar vilayətinin və «Lokomotiv» idman cəmiyyətinin təmsilçiləri Maksim Piskunov və Arseniy Nikiforov qazanmışlar. Üçüncü yerin sahibi isə Qazaxıstan təmsilçisi Turlin Arman olmuşdur.
Azərbaycanı bu yarışda təmsil edən Kənan Qəhrəmanlı 119- idmançı arasında 45-ci olaraq finiş xəttini keçmişdir. Qeyd edək ki, o, yarışın qalibindən 59 saniyə gecikmişdir.
Azərbaycan idmançılarından yuniorlar arasında ən yaxşı nəticəni Elgün Əlizadə göstərmişdir. O, yuniorlar arasında keçirilən 87 kilometrlik məsafəyə yürüşdə 135 idmançı arasında 49-cu olmuşdur. İlk üç yeri Rusiya təmsilçiləri Andrey Lukonin, Sergey Rozin və Vladislav Litvintsev tutmuşlar. Digər təmsilçimiz Nicat Niftəliyev isə 80-ci olmuşdur.