Aprel döyüşləri tarixi ədalətin və zəfərin başlanğıcıdır
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 2016-cı il aprelin 2-dən 5-dək cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin ildönümü qeyd olunub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar universitetin şəhidlər abidə-kompleksi önünə gül dəstələri düzülüb, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi ehtiramla yad edilib.
Tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov diqqətə çatdırıb ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. Aprel döyüşlərində şəhid olan AzTU-nun məzunları - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyevin xatirəsi universitetin əməkdaşları və tələbələri tərəfindən daim əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəslə nümunə kimi təbliğ olunacaq.
X.Yahudov vurğulayıb ki, Aprel döyüşləri tarixi ədalətin, zəfərin başlanğıcı hesab olunmalıdır.
Bildirilib ki, Aprel döyüşləri zamanı universitetin şəhid məzunları kimi tələbələri də mübarizəyə qoşulmaq əzmində olublar. Tələbələr əsgərlərimizin yanında olduqlarını nümayiş etdirmək üçün universitetin həyətində ordumuza dəstək mitinqi keçiriblər.
Digər çıxış edənlər də Aprel döyüşlərində, ümumiyyətlə torpaqlarımızın azadlığı uğrunda şəhid olan tələbə və məzunlar haqqında fikirlərini bölüşüblər.
Sonda tələbələr universitetin milli qəhrəmanlar və şəhidlər muzeyini ziyarət ediblər.