Aprel döyüşlərində yaralanmış hərbçilər və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad edərək, həmçinin strateji cəhətdən mühüm ərazilərə sahib oldu.
Prezident İlham Əliyev Aprel döyüşlərinin dövlətimizin və Milli Ordunun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini vurğulayıb. Həmin döyüşlərdə həlak olmuş qəhrəman Vətən oğullarının - şəhidlərimizin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb. Bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də bu il aprelin 1-dən 100 faizədək artırılıb.
Eyni zamanda, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə verdiyi tapşırığa uyğun olaraq, həmin döyüşlərdə iştirak edən əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlər Almaniya, İslandiya və İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin ediliblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, bu ilin fevralında 30-dək hərbçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edilib. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olunublar. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar.
Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.