Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir
Bakı, 10 iyun, AZƏRTAC
İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova deyib.
O vurğulayıb ki, bu yanaşma uşaqların psixoloji və fizioloji inkişafının erkən mərhələdə zədələnməsinin qarşısını alır və onların real sosial-mədəni mühitə adaptasiyasını təmin edir.
“Layihənin xüsusi tərəfi ondan ibarətdir ki, bu layihədə sadəcə məhdudiyyətlər və məsuliyyətlər yoxdur, həm də effektiv tənzimləmə və nəzarət üsulları var. Belə ki, burada provayderlərin xüsusi olaraq yaşı müəyyən etmək üçün təsdiq etdiyi effektiv üsullar qanunvericiliklə konkret müəyyən edilir. Onlar, həmçinin bu prosesi sadəcə bəyan etməklə kifayətlənmir, mütəmadi analizi şərtləndirir. Sistem istifadəçi profilinin daimi monitorinqini saxlayır və yaş həddi ilə bağlı şübhələr yarandığı təqdirdə qanuna uyğun olaraq tədbir görür”, - deyə Aytən Məmmədova bildirib.