İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür
Bakı, 10 iyun, AZƏRTAC
Müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və məişət zorakılığı, baxımsızlıq, küçə mühiti, kiberməkanda mövcud təhlükələr və yol hərəkəti hadisələri kimi amillər uşaqlar üçün əsas risk faktorları sırasında yer alır. Bu baxımdan, uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz mühitdə inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri daxili işlər nazirinin müavini İsmət Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, hazırda uşaqların üzləşdiyi təhlükələr çoxşaxəli xarakter daşıyır və onların vaxtında müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Risk altında olan uşaqların müəyyən olunması, onların təhlükəsizliyinin təmin edilməsi, pozulmuş hüquqlarının bərpası və aidiyyəti dövlət qurumları ilə birgə müdafiəsinin təşkili istiqamətində ardıcıl iş aparılır. Bu sahədə həyata keçirilən fəaliyyət yalnız inzibati və hüquqi tədbirlərlə məhdudlaşmır. Hər bir halda uşağın psixoloji vəziyyəti nəzərə alınır, mövcud şərait hərtərəfli qiymətləndirilir və görülən tədbirlər uşağın mənafeyi əsas götürülməklə həyata keçirilir", - deyə nazir müavini əlavə edib.