İQTİSADİYYAT
Aqrar Məşvərət Şurasının üzvləri və “Qazprombank” ASC-nin nümayəndə heyəti arasında görüş keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Aqrar Məşvərət Şurasının üzvləri və Azərbaycanda işgüzar səfərdə olan “Qazprombank” ASC-nin nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfdən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, hər iki nazirlikdən rəhbər şəxslər, Aqrar Məşvərət Şurasının üzvləri və “Qazprombank” ASC-nin İdarə Heyəti sədrinin müavini Aleksey Belous, bankın məsul şəxsləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara Azərbaycanda iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.
“Qazprombank” ASC-nin İdarə Heyəti sədrinin müavini Aleksey Belous isə bankın fəaliyyəti barədə ətraflı məlumat verib.
ASC-nin nümayəndələri “Qazprombank” və onun investisiya siyasəti ilə bağlı təqdimatla çıxış ediblər.
Bildirilib ki, bank xarici əlaqələrini daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışır. “Qazprombank”ın təmsilçiləri maliyyə qurumunun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd ediblər.
Görüşdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.