İQTİSADİYYAT
Aqrar Sığorta Fondunun rəhbərliyi beynəlxalq təkrar sığorta şirkətləri ilə görüşlər keçirib
![Aqrar Sığorta Fondunun rəhbərliyi beynəlxalq təkrar sığorta şirkətləri ilə görüşlər keçirib](/files/2023/3/1200x630/17005479373107929485_1200x630.jpeg)
Bakı, 21 noyabr, AZƏRTAC
Aqrar Sığorta Fondunun (ASF) İdarə heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı məlumat verilib. Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi - TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.