İQTİSADİYYAT
ARDNŞ Kazanda keçirilən “Neft, Qaz. Neftkimya-2012” Beynəlxalq sərgidə iştirak etmişdir
Bakı, 12 sentyabr (AZƏRTAC). Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Neft, Qaz. Neftkimya-2012” 19-cu Beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə Rusiya ilə yanaşı, Belarus, Azərbaycan, Türkmənistan və digər xarici ölkələrin şirkətləri iştirak etmişdir. Beynəlxalq sərgidə ARDNŞ nailiyyətlərini əks etdirən ekspozisiyaları ilə təmsil olunmuşdur.
Sərgidə iştirak edən Tatarıstan Prezidenti Rüstəm Minnixanov və hökumət nümayəndələri ARDNŞ-in pavilyonu ilə tanış olmuş, onlara Azərbaycanın neft-qaz sənayesinin inkişafı və Dövlət Neft Şirkətinin bu istiqamətdə fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Sərgi-konfrans çərçivəsində regionlararası və beynəlxalq biznes əməkdaşlığını genişləndirmək məqsədilə neft-kimya sənayesi ilə məşğul olan menecerlər və mütəxəssislərlə işgüzar görüşlər keçirilmişdir.
“Neft, Qaz. Neftkimya-2012” 19-cu Beynəlxalq ixtisaslaşmış sərginin təşkilatçıları tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft, Qaz, Neftkimya” sertifikatı və iki diplomla təltif edilmişdir.
Sərgi-konfransda Azərbaycan nümayəndə heyətini sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, ARDNŞ-in “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, ARDNŞ-in baş ofisinin Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev, “Azərikimya” İB-nin Kimya Layihələri İnstitutunun direktoru Rza Rzayev təmsil etmişlər.