MƏDƏNİYYƏT
Aşıq Hüseyn Saraçlının doğma kəndində ustad sənətkarın xatirəsini anma günü keçirilmişdir
Bolnisi, 13 aprel (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonundakı Saraçlı kəndində ustad Aşıq Hüseyn Saraçlının xatirəsini anma günü keçirilmişdir.
Ustad sənətkarın dünyasını dəyişdiyi 1987-ci ildən sonra ənənəvi olaraq hər il keçirilən anma günündə görkəmli el aşığının xatirəsi ehtiramla qeyd edilir.
Hər il olduğu kimi, bu dəfə də iştirakçılar Aşıq Hüseynin Saraçlı kənd qəbiristanlığındakı məzarını ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzmüşlər. Ustadın ruhuna dualar oxunmuşdur.
Sonra mərasim kəndin mərkəzində, Hüseyn Saraçlının büstü yerləşən ərazidə davam etdirilmişdir.
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu diqqəti Aşıq Hüseyn sənətinin önəmli məqamlarına yönəltmiş, ustadın irsinin daha dərindən öyrənilməsinin vacibliyindən danışmışdır.
Borçalı aşıqlarından Məhəmməd Sadaxlı, Aslan Kosalı, Ziyəddin Keşəli və başqaları ustadla bağlı xatirələrini danışmışlar.
Folklorşünas Bəhram Mehdi, şairlərdən Dünyamalı Kərəm, Şövkət Dağlarqızı və başqaları Hüseyn Saraçlının 4 ildən sonra 100 illiyinin tamam olacağını vurğulamış, ustadın əlamətdar yubileyinə indidən hazırlıq işlərinə başlanılmasını təklif etmiş, Hüseyn Saraçlı irsinin tədqiq olunub kitab halında çap olunmasını arzulamışlar.
Sonda meydan saza verilmiş və Saraçlıda ustadın şərəfinə daha bir saz-söz bayramı yaşanmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bolnisi