Astarada maraqlı təşəbbüs: məktəbin həyətindən 1600 manatlıq meyvə yığıldı FOTO VİDEO
Astara, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin yardımçı təsərrüfatında narıngi və digər meyvələrin yığımı aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, buradan yığılan meyvələrin satışı təşkil edilərək, əldə olunan maddi vəsait məktəbin daxili ehtiyaclarına sərf olunur.
“Məktəbimizin ərazisi genişdir. Bu ərazinin bir hissəsində sitrus meyvələrinin ağacları əkilib. Əvvələr ərazi baxımsız idi. Sonradan valideynlər və kənd icması ilə birlikdə həmin ərazini təmizlədik, ağaclara qulluq etməyə başladıq. Artıq altı ildir ki, buradan bol məhsul götürürük. Bu il isə 1600 kiloqrama qədər narıngi və 150 kiloqramadək kivi yığmışıq. Xalis gəlir isə 1640 manat təşkil edib. Əldə olunan vəsaiti daxili aktla sənədləşdirir və şahidlərin iştirakı ilə məktəbin daxili ehtiyaclarının ödənilməsinə sərf edirik. Bundan başqa, bu meyvlərdən şəhid və qazi ailələrinə sovqat da paylayırıq” , - deyə məktəbin direktoru Xəqani Mahmudov bildirib.
Məktəbin bağbanı Mahruq Əsgərova isə qeyd edib ki, təsərrüfatda narıngi, kivi, feyxoa və digər meyvə ağacları var. Bar verən ağaclara bol məhsul əldə etmək üçün xüsusi aqrotexniki qulluq göstərilir. Yeni ağac tingləri, o cümlədən məhsuldar narıngi sortları da əkilib.
Bu təsərrüfatdan yığılan meyvələrdən şəhid və qazi ailələrinə, uşaq evlərinə sovqat göndərilir, həmçinin qalan meyvələrin satışından əldə olunan gəlir təhsil ocağında təmir işlərinə, maliyyə ehtiyaclarının ödənilməsinə sərf edilir.