Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə təşkilatçılığı çərçivəsində “Azərbaycanın Enerji İnfrastrukturu üzrə Kibertəhlükəsizlik Hadisələrinə Cavab və Strateji Qərarvermə” mövzusunda yüksəksəviyyəli simulyasiya təlimi keçirilib.
AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, təlimdə dövlət qurumlarının, enerji sektorunda fəaliyyət göstərən müəssisələrin və kritik informasiya infrastrukturu subyektlərinin sahə üzrə rəhbər vəzifəli nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi enerji sektorunu hədəf alan genişmiqyaslı kiberböhran şəraitində strateji qərarların qəbulu, böhranın idarə olunması, qurumlararası koordinasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də kritik informasiya infrastrukturunun dayanıqlılığının artırılması olub.
Təlim Azərbaycanın enerji təhlükəsizliyində strateji rolunu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi kimi beynəlxalq enerji layihələrinin əhəmiyyətini, eləcə də enerji sektorunun rəqəmsallaşması fonunda yaranan yeni kibertəhlükəsizlik çağırışlarını nəzərə alan şərti böhran ssenarisi əsasında keçirilib.
Təlim NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm Proqramı" çərçivəsində "Kiberpoliqon" layihəsinin yekun tədbiri kimi keçirilib.
Tədbirin sonunda keçirilmiş yekun müzakirələr zamanı iştirakçılar simulyasiya prosesində əldə olunan təcrübəni bölüşüblər və böhran şəraitində qərarların qəbuluna dair yanaşmaları qiymətləndiriblər. Həmçinin kritik informasiya infrastrukturunun kiberdavamlılığının gücləndirilməsi, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi və gələcəkdə analoji təlimlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.