Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Bakı, 7 avqust, AZƏRTAC
Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
İdarədən AZƏRTAC-a bildirilib ki, hazırda 57, 68 və 141 nömrəli tam orta məktəblər sökülərək yenidən tikilir. Eyni zamanda, İncəsənət Gimnaziyasında, 352 nömrəli uşaq bağçasında, Nəriman Qəhrəmanov adına körpələr evi–uşaq bağçasında və Etibar Ömərov adına uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Qeyd olunub ki, ehtiyac olan digər təhsil müəssisələrində də cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
2025–2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 59, 151, 313 və 324 nömrəli tam orta məktəblərdə, eləcə də 101 və 351 nömrəli uşaq bağçalarında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib.
Bununla yanaşı, 99, 116, 257 və 328 nömrəli, həmçinin A.Məmmədov adına uşaq bağçaları əsaslı təmirdən sonra fəaliyyətini bərpa edib.