“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir
Bakı, 7 avqust, AZƏRTAC
“Brent” markalı xam neft iyulun 13-dən bəri ilk dəfə olaraq 83 dollardan yuxarı ticarət edilir.
AZƏRTAC xəbər verir ki, hazırda Londonun ICE birjasında “Brent” neftinin bir bareli 83 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı xam neftin bir bareli isə 77 dollardan baha satılır.
Analitiklərin fikrincə, həftənin əvvəlində neft qiymətləri ABŞ və İran arasındakı münaqişənin diplomatik həlli perspektivinin güclənməsi ilə ucuzlaşmışdı. Lakin Hörmüz boğazında təklif olunan yeni məhdudiyyətlər fonunda hazırda neft qiymətləri bahalaşmağa davam edir.
Belə ki, İran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqların bir hissəsi olaraq “düşmən” hesab edilən gəmilərin Hörmüz boğazından keçməsini qadağan etməyi və qaydaları pozanlara ağır cərimələr tətbiq etməyi təklif edib.
İran Parlamentindəki bir komissiyanın ABŞ, İsrail və "düşmən" hesab edilən digər ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirdiyi bildirilir. Qanun layihəsi, həmçinin təklif olunan qaydaları pozan gəmilər üçün yükün dəyərinin 20 faizinə qədər cərimələri nəzərdə tutur.
“Reuters”in məlumatına görə, İran Hörmüz boğazından istifadə edən gəmilərdən yük dəyərinin 5-7 faizi qədər tranzit haqqı alır. Oman təxminən 3 faizlik rüsum tələb edir, ABŞ isə boğazdan tranzit üçün hər hansı bir rüsuma qarşı çıxır.
Bazar iştirakçıları ABŞ sanksiyaları və sığorta müqavilələrindəki məhdudlaşdırıcı maddələr səbəbindən təklif olunan sistemin tətbiqinin olduqca çətin olacağını bildirirlər.
Ekspertlər isə hesab edirlər ki, enerji bazarları ilin ötən dövründə də tərəflərin oxşar qısamüddətli razılaşma cəhdlərini müşahidə edib. İnvestorlar yeni bir razılaşmanın tanker daşımalarını tam normallaşdıracağına dair məhdud inama malikdirlər. Bazarlardakı bu ehtiyatlı yanaşma hazırda neft qiymətlərinin aşağı düşməsini məhdudlaşdıran amildir.