Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi
Bakı, 7 avqust, AZƏRTAC
İsti havalarda avtomobillərdə baş verən yanğınların əsas səbəbləri elektrik sistemindəki nasazlıqlar və alışma riski yaradan digər texniki problemlərlə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Ekspert bildirib ki, avtomobilin elektrik sistemində yaranan nasazlıqlar ciddi fəsadlara səbəb ola bilər. Yanacaq çəni avtomobilin alt hissəsində yerləşir və xüsusi borular vasitəsilə mühərrikə qoşulur. Həmin borularda yaranan ən kiçik sızma və ya texniki nasazlıq, xüsusilə yüksək temperatur şəraitində, yanğın riskini əhəmiyyətli dərəcədə artırır.
“Sürücülərin avtomobillərə standartlara uyğun olmayan əlavə avadanlıq və detallar quraşdırması da təhlükəli hallara yol açır. Belə müdaxilələr elektrik sisteminin işini poza, qısaqapanmaya səbəb ola və nəticədə avtomobilin alışmasına gətirib çıxara bilər. Bu cür halların qarşısını almaq üçün nəqliyyat vasitələrinə yalnız standartlara uyğun texniki xidmət göstərilməli, qeyri-peşəkar müdaxilələrdən və keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsindən çəkinilməlidir. Vaxtında aparılan texniki baxışlar həm yanğın, həm də yol-nəqliyyat hadisələri riskini azaltmağa kömək edir”, - deyə Aslan Əsədov qeyd edib.