ATƏT-İN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ RESPUBLİKA PROKURORLUĞUNDA OLMUŞDUR
Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Baş prokuror Zakir Qaralov iyunun 17-də ölkəmizdə səfərdə olan ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım İva Biode ilə görüşmüşdür.
Qonağı salamlayan Baş prokuror ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən hüquq islahatları, bunların nəticəsində formalaşmış prokurorluğun statusu, cinayətkarlıqla mübarizə, o cümlədən insan alveri ilə bağlı olan cinayətlər üzrə təqib həyata keçirilməsində prokurorluğun fəaliyyətinin istiqamətləri barədə məlumat vermişdir. İnsan alveri ilə bağlı əməllərin Azərbaycan xalqının milli mənəviyyatına yad olmaqla, keçid dövrünün və qloballaşma proseslərinin mənfi nəticələri kimi qeyd edilərək ölkədə iqtisadi inkişafın dinamikası, sosial problemlərin uğurlu həlli digər sahələrdə olduğu kimi, insan alveri cinayətlərinin vəziyyətinə də təsir etdiyi, onların azalması, belə əməllərə qarşı hüquqi mübarizənin səmərəliliyinə obyektiv zəmin yaratdığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»na əsaslanmaqla, insan alveri ilə sistemli mübarizənin təşkilinə yönəlmiş, qabaqcıl beynəlxalq qanunvericiliyə uyğun olan qanunvericilik bazası yaradılması, onların səmərəli tətbiqi üçün institusional tədbirlər həyata keçirildiyi nəzərə çatdırılmışdır.
Məsulyyət məsələsi həll edilərkən ayrı-seçkiliyə, o cümlədən şəxsin cinsinə görə ayrı-seçkiliyə yol verilmədiyini qeyd edən Baş prokuror cinayət təqibi çərçivəsində bütün proses iştirakçılarının hüquqlarının “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında“ Avropa Konvensiyasının müddəalarına uyğun olaraq tam təmin edildiyini, insan alveri cinayətləri qurbanlarının müdafiəsi üçün hər işin konkret hallarından asılı olaraq adekvat hüquqi və texniki tədbirlər həyata keçirildiyini, mövcud nöqsanların qurbanların özlərinin, eləcə də vətəndaş cəmiyyəti təmsilçilərinin prokurorluq, məhkəmə, hüquq mühafizə orqanları ilə əməkdaşlığa kifayət qədər təşəbbüs göstərməmələri ilə bağlı olduğunu qeyd etmişdir.
Həmçinin bu kateqoriyadan olan cinayətlərin əsasən transmilli xarakter daşıdığından ölkələr arasında beynəlxalq hüquqi yardımın operativ, daha səmərəli olmasının vacibliyi, beynəlxalq texniki yardımın daha səmərəli formalarına üstünlük verilməsi, polis və prokurorluq əməkdaşlarının müsbət göstəriciləri ilə fərqlənən ölkələrin müvafiq qurumlarına ezam edilməsi, konkret işlərin aparılmasını müşahidə etməsinə şərait yaradılması yolu ilə qabaqcıl təcrübəyə yiyələnməsi üçün imkanlar axtarılması, ATƏT-in üzv ölkələrin üzərinə konkret hüquqi öhdəlik qoya biləcək beynəlxalq sənədin hazırlanıb təsdiq edilməsinin zəruriliyi bildirilmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən xanım İva Biode son zamanlar Azərbaycanın iqtisadi-sosial nailiyyətlər əldə etdiyini qeyd edərək, insan alveri ilə mübarizədə ölkəmizdə xeyli iş görüldüyünü vurğulanmışdır. Görüşdə insan alveri ilə mübarizədə Azərbaycanın qarşılaşdığı problemlər və onların həlli yolları, bu istiqamətdə ATƏT, eləcə də digər üzv dövlətlərlə beynəlxalq əməkdaşlağın formaları, cinayət qurbanlarının müdafiəsinin hüquqi və texniki məsələləri, cinayət təqibi zamanı ortaya çıxan obyektiv çətinliklərin həlli və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara cavab verilmişdir.