SİYASƏT
ATƏT-in nümayəndələri təmas xəttində monitorinq keçirəcəklər
Bakı, 18 oktyabr (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 19-da Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Piter Svidberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor nəzarət edəcəklər.