ATƏT-İN RƏSMİSİ TERRORİZMƏ QARŞI MÜBARİZƏDƏ AZƏRBAYCANIN FƏALİYYƏTİNDƏN MƏMNUN QALDIĞINI BİLDİRMİŞDİR
Ramil Usubov iyulun 31-də ATƏT-in Terrorçuluğa Qarşı Ofisinin başçısı Brayn Vu ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir R.Usubov dövlət müstəqilliyimizin əldə olunmasından keçən 12 il ərzində respublikamızda cərəyan etmiş ictimai-siyasi proseslər, ötən əsrin 90-cı illərinin əvvəllərindəki ağır kriminogen durum, dövlətçiliyimizin əsas strukturlarından biri kimi Daxili İşlər Nazirliyinin funksiyaları və vəzifələri barədə qonağa ətraflı məlumat vermişdir. General-polkovnik Ramil Usubov qeyd etmişdir ki, ölkəmizin vətəndaş müharibəsi, hərc-mərclik və anarxiya, cəzasızlıq mühitinə düçar edildiyi, cinayətkarlığa geniş rəvac verildiyi mürəkkəb bir dövrdə böyük dövlətçilik və idarəetmə təcrübəsinə malik olan Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizədə də əsaslı dönüş yaratdı. Dövlətçiliyimizin itirilməsi,vətəndaş müharibəsi təhlükəsi, cinayətkarlığın ilbəil artması tendensiyası məhz ölkəmizin başçısının uzaqgörən, məqsədyönlü daxili və xarici siyasəti, qətiyyəti və prinsipiallığı, hüquq-mühafizə orqanlarının fəaliyyətinə diqqəti və tələbkarlığı sayəsində qısa zamanda aradan qaldırıldı. 1995-ci ildən etibarən isə ölkədə daxili sabitlik bərpa olundu, kriminogen durum tam nəzarətə götürüldü ki, bu da Azərbaycanın iqtisadiyyatına, xarici sərmayənin respublikamıza sürətli axınına, ölkəmizin vətəndaşlarının, əcnəbi iş adamlarının rahat və təhlükəsiz yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaratdı.
ABŞ-da baş vermiş məlum 11 sentyabr faciəsindən sonra terrorizmin, təcavüzkar separatizmin bütün bəşəriyyət üçün real təhlükəyə çevrildiyini vurğulayan daxili işlər naziri ölkəmizin bu dəhşətli bəladan daim əziyyət çəkdiyini, terrorizmin hər cür təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini fəal şəkildə dəstəklədiyini nəzərə çatdırdı. Nazir nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndiyini bildirərək, terrorizmlə mübarizədə ATƏT-in ölkəmizə göstərdiyi köməyi yüksək qiymətləndirdi, bunun terrorizmlə mübarizə işinə öz müsbət təsirini göstərdiyini bildirdi. Terrorla mübarizəyə dair 12 beynəlxalq konvensiyanın hamısına Azərbaycanın imza atdığını və bu sahədə fəal iş gördüyünü bildirən Ramil Usubov respublikamızın həmin bəlaya qarşı mübarizədə həmişə ön sıralarda olacağını qeyd etdi.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Brayn Vu terrorizmə, narkotiklərə və ümumiyyətlə, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq birliyin səylərini fəal dəstəklədiyinə, cinayətlərin azalması sahəsində uğurlu nəticələrə, sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasında xidmətlərinə görə ölkəmizin rəhbərliyinə, DİN-ə minnətdarlığını bildirdi. Qafqaz bölgəsinə, ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan qonaq çox zəngin təəssüratlar qazandığını və terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın fəaliyyətindən məmnunluğunu ifadə etdi. O, respublikamızla ATƏT-in bu sahədə də əməkdaşlığının çox geniş imkanlara malik olduğunu xüsusilə nəzərə çatdırdı və qarşıdakı yaxın dövrdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının görəcəyi işlərdən danışdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.