DÜNYA
ATƏT sədrinin Tbilisidə keçirdiyi görüşlərdə regional münaqişələrin həlli məsələsi diqqət mərkəzində olub
Tbilisi, 16 fevral, AZƏRTAC
ATƏT və onun institutları Cənubi Qafqaz regionunda münaqişələrin sülh yolu ilə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasında, eləcə də regionun inkişafında rolunu artırmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ATƏT-in fəaliyyətdə olan sədri İsveçin xarici işlər naziri Ann Lindenin Gürcüstana səfəri zamanı bu ölkənin dövlət və hökumət rəhbərləri ilə görüşündə səslənib.
ATƏT sədrinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşündə İsveçin ATƏT-ə sədrliyi dövründə lider qadınların iştirakı ilə Gürcüstanda beynəlxalq konfransın keçirilməsi və bu toplantıda bölgədə mövcud olan bütün münaqişələr və onların sülh yolu ilə həlli məsələlərinin müzakirə olunması təklif olunub.
A.Linde təklifi müsbət qarşılayıb və təşəbbüsün reallaşdırılması üçün fəal iştirakla bağlı hazırlığını ifadə edib.
A.Lindenin Baş nazir Giorgi Qaxaria və xarici işlər naziri David Zalkaliani ilə keçirdiyi görüşlərdə də regiondakı vəziyyət, mövcud münaqişələrin həlli və insan hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi