İQTİSADİYYAT
Avqustda 33,7 min daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika davam edir. Statistik göstəricilərə əsasən, 2022-ci ilin avqust ayında 33 min 720 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz çoxdur. Aylıq göstəricinin 7730-u (22,9 faiz) ilkin, 25 min 990-nı (77,1 faiz) isə təkrar qeydiyyatın payına düşür. Avqust ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 47,4 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 5043-ü fərdi yaşayış və bağ evi, 9285-i mənzil, 18 min 409-u torpaq sahəsi, 304-ü qeyri-yaşayış binası, 606-sı qeyri-yaşayış sahəsi, 64-ü əmlak kompleksi, 9-u çoxmərtəbəli yaşayış binasıdır. Ötən ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6 faizi Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Dövlətimizin başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqust ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,5 dəfə artaraq 3121 təşkil edib.
Ötən ay ərzində 26 min 623 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib olub. Bu isə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz artım deməkdir. 2022-ci ilin avqust ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz artaraq 5.928 təşkil edib.