DÜNYA
Avropa Komissiyası Gürcüstana namizədlik statusu verməyib
Tbilisi, 17 iyun, AZƏRTAC
Avropa Komissiyası Avropa İttifaqına üzvlüyə namizəd olmaq və namizəd statusu almaq üçün müraciət edən Gürcüstan, Ukrayna və Moldova ilə mövqeyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası bununla əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Avropa Komissiyası Avropa Şurasına Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsi, Gürcüstana isə lazımi tələblər yerinə yetirildikdən sonra bu statusun verilməsi barədə müraciət ünvanlayıb.
Komissiyanın prezidenti Ursula von der Leyen keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna və Moldova Avropa perspektivinə layiqdir.
O deyib: “Gürcüstan da Ukrayna və Moldovanın sahib olduğu eyni potensiala malikdir. Onun üzvlük ərizəsi güclüdür. Lakin, ölkə struktur islahatlar gündəmini müəyyənləşdirməlidir. Biz təklif edirik ki, Gürcüstana Avropa perspektivi statusu verilsin, üzvlük məsələsinə isə tələblər yerinə yetirildikdən sonra qayıdacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi