SİYASƏT
Avropa Parlamenti Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara dair qətnamə qəbul etmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunmuşdur.
AZƏRTAC xəbər verir ki, səsvermədə 520 deputat qətnamənin lehinə, 32 deputat əleyhinə səs vermiş, 24 deputat isə bitərəf qalmışdır.
Avropa Parlamentinin bugünkü plenar iclasında Ermənistan ilə assosiativ saziş üzrə danışıqların gedişinə dair də qətnamə qəbul olunmuşdur.
Qeyd edək ki, hər iki ölkə üzrə müzakirələr parlamentin aprelin 17-də keçirilmiş plenar iclasında aparılmışdır.
Aprelin 18-də səsvermə ərəfəsində keçirilən müzakirələrdə avropalı deputatlar ümidvar olduqlarını bildirmişlər ki, Azərbaycan və Ermənistan ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə aparılan danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox əlverişli olacaqdır.