AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ İQTİSADİ MƏSƏLƏLƏR VƏ İNKİŞAF KOMİTƏSİNİN İCLASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Mayın 30-da “Həyat Recensi-Naxçıvan” mehmanxanasında Avropa Şurası Parlament Assambleyasının \AŞPA\ İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclası öz işinə başlamışdır.
Bakıda belə səviyyəli iclasın təşkil olunması Prezident Heydər Əliyevin rəhbərliyi altında respublikamızda yaradılmış ictimai-siyasi sabitliyin və Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin bu nüfuzlu beynəlxalq təşkilatdakı uğurlu fəaliyyəti və qazandığı hörmətin nəticəsində mümkün olmuşdur. Bu fikri Avropa Şurasının üzvü olan ölkələrin iclasda iştirak edən nümayəndələri bir daha təsdiqləmişlər.
İclası AŞPA-nın İqtisadi Məsələlər və İnkişaf Komitəsinin sədri xanım Zapfl-Helblinq Rozmariye açdı.
AŞPA-NIN İQTİSADİ MƏSƏLƏLƏR VƏ İNKİŞAF KOMİTƏSİNİN SƏDRİ ZAPFL-HELBLİNQ ROZMARİYENİN
ÇIXIŞI
-Hörmətli ev sahibləri!
Azərbaycan nümayəndə heyətinin hörmətli rəhbəri!
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Çox böyük şərəf duyuram ki, Azərbaycanda, onun paytaxtı Bakıda bu iclası aparmaq mənə nəsib olmuşdur. Bizim İqtisadi Məsələlər və İnkişaf Komitəsi ilk dəfədir Azərbaycanda belə tədbir keçirir. Beləliklə, biz Avropa Şurası Parlament Assambleyasının İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclasının Bakıda keçirilməsindən çox böyük məmnunluq duyuruq. Buna görə çox sağ olun.
Mən Azərbaycan nümayəndə heyətinə öz minnətdarlığımı bildirmək istəyirəm. Nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevə də xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda, nümayəndə heyətinin digər üzvlərinə də minnətdarlıq edirəm. Onlar bu iclası çox gözəl hazırlamışlar. Biz bundan çox məmnunuq.
Bugünkü, sabahkı və birisi günkü gündəlik belə olacaqdır. Biz bu gün proqrama əsasən işimizi davam etdirəcəyik. Proqram və sənədlər hamıya paylanmışdır. Sonra Azərbaycandan olan cənabların çıxışlarını dinləyəcəksiniz. Onlar bu ölkədə iqtisadi inkişafın perspektivi haqqında danışacaqlar. Günün ikinci yarısında isə daxili işlərimizlə məşğul olacağıq. İyul toplantısında dinləniləcək məruzələrə qulaq asacağıq. Sabah isə biz “Avropa və Xəzərin enerji ehtiyatlarının inkişafı” mövzusunda seminar keçirəcəyik. Şənbə günü imkanımız olacaq ki, biz Bakının gözəl yerləri ilə tanış olaq. Proqramda bunlar öz əksini tapmışdır. Beləliklə, gündəliyimizin birinci məsələsinə keçməzdən əvvəl demək istəyirəm ki, Avropa Şurası Parlament Assambleyasının İqtisadi məsələlər və inkişaf Komitəsinin iclasının məhz burada keçirilməsi çox vacibdir. Ona görə də mən çox şadam.
Biz Xəzər regionunun enerji ehtiyatlarına dair müzakirələr aparacağıq. Bildiyiniz kimi, bizim prinsiplərimiz insan hüquqları, demokratiyadır və bunların hamısı ön planda dayanacaqdır və vacibdir. Ümid edirəm ki, biz Bakıda olarkən ardıcıl surətdə ikitərəfli görüşlərimizi də həyata keçirəcəyik.
Mən indi müraciət edib soruşmaq istəyirəm: siz hamınız bu gündəliklə razısınızmı? Kiminsə şərhi, yaxud sualı varmı? Əgər yoxdursa, onda gəlin hamımız birlikdə bunu qəbul edək. Onsuz da biz sizin materiallarınız əsasında hazırlanan protokollara da baxacağıq.
Sizə bu il aprelin 19-da Parisdə, Strasburqda keçirilmiş görüşlərin protokolları da təqdim olunmuşdur. Bu protokollarla bağlı kiminsə şərhi varmı? Yoxdur. Beləliklə, hamımız yekdilliklə bunları qəbul edirik. Təşəkkür edirəm.
Bir məsələni də demək istəyirəm. Bildiyiniz kimi, Frans Döpe bu gün burada ola bilməyəcəkdir. O, bizim daimi komissiyamızı təmsil etmək üçün başqa yerə gedibdir. Ancaq o, turizm haqqında öz çıxışını bizə təqdim etmişdir. Biz bu çıxışı Strasburqda müzakirə etmişik və onu yekdilliklə qəbul etmişik.
Biz Avropa və qlobal iqtisadiyyat çərçivəsində Azərbaycanın iqtisadi inkişafı və vəziyyəti haqqında da danışacağıq. Bildiyiniz kimi, il yarım öncə Azərbaycan və Ermənistan Avropa Şurasına üzv qədul olunmuşdur. Mən bu hadisəni çox yaxşı qarşıladım. Təbii ki, biz ötən illərdən, sovet dövründən qalmış problemləri çox gözəl başa düşürük. Çox gözəl bilirik ki, Azərbaycanda son illər əldə olunmuş nailiyyətlər bütün Xəzər regionuna öz təsirini göstərmişdir. Eyni zamanda, Azərbaycanın böyük potensialı haqqında bizim xəbərimiz vardır. Təkcə regiondakı ehtiyatlardan deyil, həmçinin bu ölkənin çox böyük insan potensialı, təbii sərvətləri, kənd təsərrüfatı və balıq məhsulları barədə də xəbərimiz vardır. Bunlar sizin iqtisadiyyatınızda mühüm rol oynayır.
Beləliklə, böyük insan potensialını və xammal ehtiyatlarını inkişaf etdirmək üçün sərmayələr tələb olunur. Bu sərmayələrin cəlb edilməsi ilk növbədə, şəffaf, tamamilə demokratik, sabit siyasətin bərqərar olmasını tələb edir. Mənə elə gəlir ki, buradakı iqtisadi inkişafın göstəriciləri bu il daha gözəl olacaqdır. Biz, Komitənin üzvləri deyə bilərik ki, siyasi və iqtisadi sahədə bir çox məsələlər öz həllini tapmışdır. Avropa Şurasının üzvləri üçün bu mövzu həmişə ön planda durur.
Azərbaycan hökuməti və parlamenti iqtisadiyyatın çoxtərəfli inkişafı və qanunvericiliyin hazırlanması və inkişaf etdirilməsi üçün, sərmayələrin cəlbi üçün çox böyük işlər görür. Əlbəttə, vergi və maliyə sistemlərinin təkmilləşdirilməsi sahəsində də proseslər gedir. Biz ilk növbədə bu ölkədəki infrastruktur haqqında, təhsil sistemi barədə də danışmalıyıq. Aydındır ki, hər bir ölkə nə isə istehsal etməlidir. Bunun üçün təhsili geniş miqyasda başa düşməliyik. Təkcə məktəb təhsili deyil, daha yüksək təhsil haqqında danışmalıyıq.
Regional haqqında əməkdaşlıq çox vacibdir. Bu əməkdaşlıq Sovetlər dövründə də mövcud idi. Son illər ərzində bu cür müstəqil ölkələr yarandıqdan sonra müəyyən problemlər meydana gəlmişdir. Amma bilirik ki, bəzi ölkələrdə artıq inkişaf gedir. Biz bu məsələlərə sabahkı seminarda daha geniş toxunacağıq.
İndi isə cənab İlham Əliyev, xahiş edirəm, ölkənizdəki iqtisadi vəziyyət haqqında öz fikrinizi söyləyəsiniz. Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, bu dəvəti qəbul etdiniz və çıxış etməyə gəlmisiniz. Böyük məmnuniyyətlə sözü sizə veririəm. Təşəkkür edirəm.
X X X
MİLLİ MƏCLİSİN AVROPA ŞURASI PARLAMENT
ASSAMBLEYASINDAKI NÜMAYƏNDƏ HEYƏTİNİN
BAŞÇISI İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli xanım sədr!
Əziz xanımlar və cənablar!
Avropa Şurası Parlament Assambleyasının İqtisadi Məsələlər və İnkişaf Komitəsinin hörmətli üzvləri!
Hörmətli qonaqlar!
İlk növbədə, mən hamınızı Azərbaycanda salamlayıram və bu iclasın işində sizə uğurlar arzulayıram. Həm də istərdim ki, Azərbaycan haqqında dediyi xoş sözlərə görə hörmətli xanım sədrə minnətdarlığımı bildirim. Ümumiyyətlə, bu toplantını Bakıda keçirdiyinə görə Komitəyə minnətdarlıq edirəm.
Xanım sədrin dediyi kimi, bu toplantının Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan gənc müstəqil dövlətdir. Bu yaxınlarda biz müstəqilliyimizin on illiyini qeyd etmişik, Azərbaycan yeni iqtisadi quruculuqla məşğuldur.
Bundan əlavə, Azərbaycan həm də Avropa Şurasının yeni üzvüdür. Cəmi bir il yarım bundan əvvəl biz bu nüfuzlu Avropa təşkilatının üzvü olmuşuq. Ona görə də bu cür toplantının ölkəmizdə keçirilməsi Azərbaycanın Avropa birliyinə inteqrasiyasına yardım edəcək, eləcə də, gələcəkdə bizim iqtisadiyyatımızın Avropa iqtisadiyyatına inteqrasiyası tələb olunacaqdır.
Ümumiyyətlə, ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. 1993-cü ildə Prezidentimizin hakimiyyətə gəlişindən sonra aparılan iqtisadi islahatlar, açıq qapı və xarici sərmayələrin cəlb edilməsi siyasəti özünün uğurlu olmasını sübuta yetirdi. Məndən sonrakı çıxışlarda nazirlər, digər rəsmi şəxslər öz sahələrində qazanılmış iqtisadi uğurlar haqqında təfərrüatı ilə danışacaqlar. Mən isə sizə rəqəmlərin dili ilə qısaca məlumat verəcəyəm. Bu rəqəmlər iqtisadiyyatda əldə olunan uğurları hər hansı sözdən daha yaxşı nümayiş etdirə bilər. Həm də deməliyəm ki, Sovet İttifaqı dağıldıqdan sonra və xüsusilə də Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə iqtisadi vəziyyət digər keçmiş SSRİ respublikaları ilə müqayisədə ən pis durumda idi. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı ən yaxşılarından biridir.
Son beş ildə illik milli gəlir 9-10 faiz artmışdır. Axırıncı 7 il ərzində inflyasiyanın həcmi 1-2 faizdən artıq olmamışdır. Sənaye istehsalında və kənd təsərrüfatında, xüsusilə, torpaq özəlləşdirilib kəndlilərə verildikdən sonra, artım hiss olunur. Ölkədə irimiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir və o, bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ artıq uğurla başa çatmışdır.
Birbaşa xarici sərmayələrin cəlb olunması sahəsində Azərbaycan keçmiş SSRİ respublikaları arasında birincidir və hətta bir sıra Şərqi Avropa ölkələrini də geridə qoymuşdur. Bu o deməkdir ki, ölkəmizdə sərmayə mühiti kifayət qədər yaxşıdır. Əgər belə olmasaydı, xarici şirkətlər Azərbaycan iqtisadiyyatına sərmayə qoymazdılar. Bu sərmayənin həcmi isə milyardlarla dollardır. Əlverişli sərmayə mühiti, hökumətin bazar iqtisadiyyatı prinsiplərinə sadiqliyi və cəmiyyətdə yaradılmış ictimai-siyasi sabitlik bizim uğurlarımızı şərtləndirən əsas amillərdir.
Son bir neçə ildə Azərbaycanın iqtisadi inkişaf sahəsində uğurlarının əsas elementlərindən biri neft və qaz sənayesinin inkişaf etdirilməsidir. Bu mövzu sabahkı seminarda ətraflı müzakirə olunacaqdır. Mən isə, sadəcə, bu sektorla bağlı qısa məlumatı sizin diqqətinizə çatdırıram ki, sənayemizin həmin sahəsindəki vəziyyəti duya biləsiniz.
Xarici neft şirkətləri indiyədək Azərbaycana 5 milyard dollar sərmayə yatırıblar. Azərbaycan nefti iki boru xətti vasitəsilə beynəlxalq bazara çıxarılır. Boru kəmərlərinin hər ikisi Qara dəniz sahillərinə çıxır. Bunlardan biri Gürcüstanın Supsa limanına çıxan kəmərdir və o, bütünlüklə təzə çəkilmişdir. İkinci kəmər isə Rusiyanın Novorossiysk limanına çıxır və bu, yenidən tikilmişdir. İndi biz bütün qüvvələrimizi səfərbər edərək, əsas ixrac boru kəməri üzərində işləyirik. Bu xətt Azərbaycanın və mümkündür ki, gələcəkdə həm də digər Xəzəryanı ölkələrin neftini Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdıracaqdır. Bu, əsas layihədir və biz onun üzərində bir neçə ildir ki, çalışırıq. İndi qətiyyətlə deyə bilərik ki, bu layihə yerinə yetiriləcəkdir. Əsas və əlavə mühəndis işləri artıq tamamlanmışdır və indi biz tikinti işləri ərəfəsindəyik. Boruların çəkilməsi gələn ilin əvvəli üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, tikinti işləri 2004-cü ilin sonu - 2005-ci ilin əvvəlində tamamlanacaqdır.
Bu layihənin reallaşdırılması Azərbaycana imkan verəcək ki, çox böyük həcmdə neftini Aralıq dənizi sahillərinə daşıya bilsin. Layihə həm iqtisadi baxımdan, həm də regional təhlükəsizlik baxımından sərfəlidir. Bunun nə dərəcədə vacib olduğunu isə, zənnimcə, hamı anlayır və bununla razılaşır. Burada təkcə bizim ölkəmizin deyil, bütün regionun təhlükəsizliyindən söhbət gedir.
Gələcəyə də ümidlə baxmaq olar. Sizə məlumdur ki, biz Azərbaycan qazını artıq 2005-ci ildə Türkiyəyə və Avropa bazarlarına çıxarmağı planlaşdırırıq. Növbəti iki-üç il ərzində 9 milyard dollar sərmayə qoyulacaqdır. Bu vəsait həm də mövcud neft yataqlarında işlərin daha da genişləndirilməsinə sərf ediləcəkdir. Ümumiyyətlə, bizim nəzərdə tutduğumuza görə, neft və qaz sektoruna 50-60 milyard dollar sərmayə cəlb olunacaqdır. Bu, əlbəttə ki, kəşfiyyat və hasilat sahəsində işlərin necə getməsindən də asılı olacaqdır. Lakin hesablamalara görə, növbəti on il müddətində iqtisadiyyatımıza məhz bu qədər vəsait cəlb ediləcəkdir.
Bizim iqtisadi siyasətimizin yeni mühüm elementlərindən biri də Prezidentin Fərmanı əsasında Neft Fondunun yaradılması oldu. Neft hasil edən ölkələrin çoxu, xüsusən də böyük həcmdə neft çıxaran ölkələr neft fondu yaratmaq təcrübəsini keçmişlər. Lakin həmin ölkələr nəzərəçarpan neft hasilatı səviyyəsinə çatdıqdan 5-10 il sonra neft fondları yaratmışlar. Biz isə neftimiz boru kəmərləri vasitəsilə beynəlxalq bazarlara axmağa başlayan kimi, bu fondu yaratmağı qərara aldıq. Məqsəd neftdən gələn gəlirləri bir strukturda toplamaqdır ki, burada da tam şəffaflıq təmin olunur, Neft Fondu haqqında məlumat mətbuatda müntəzəm dərc edilir.
Bu fond iqtisadiyyatımızın qeyri-neft sektorunu inkişaf etdirməyə imkan verəcək, vətəndaşlarımızın güzəranının daha yüksək səviyyəyə qaldırılmasına kömək edəcəkdir. Əlbəttə ki, bu fond həm də gələcək nəsillər üçün əvəzsiz ehtiyatdır. Çünki neft gec-tez tükənəcəkdir. Bizə isə güclü, neftdən asılı olmayan iqtisadiyyat lazımdır. Bizə indiki nəslin və gələcək nəslin yaxşı həyat tərzi lazımdır.
Azərbaycan neft və qaz amilindən istifadə edərək, uzun illər, bəlkə də, əsrlər üçün möhkəm iqtisadiyyatın əsasını qoya bilər. İqtisadiyyatımız möhkəm olarsa, biz bütün digər sahələrdə də qüvvətli olarıq.
Bu yaxınlarda yaradılmış Neft Fondunda artıq yarım milyard dollar vəsait toplanmışdır. Ölkənin valyuta ehtiyatının məbləği isə 1,2 dollardan çoxdur. Müqayisə üçün deyə bilərəm ki, 1993-cü ildə ölkənin valyuta ehtiyatı sıfıra bərabər idi.
Haqqında danışdığım və məndən sonra söhbət açılacaq bütün bu nailiyyətlər Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğu bir şəraitdə qazanılmışdır. Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. On minlərlə adam həlak olmuş və yaralanmışdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hər şey dağıdılmışdır, her bir infrastruktur yoxdur. İndi tamamilə boş olan bu ərazi ermənilər tərəfindən narkotik bitkilərin yetişdirilməsi və narkotik vasitələrin daşınması, beynəlxalq terrorçuların təlim keçməsi üçün nəzərdə tutulan düşərgələrin yaradılması, digər qanunsuz məqsədlər üçün istifadə olunur. Biz çoxdandır ki, bu barədə məsələ qaldırırıq və mən şadam ki, beynəlxalq təşkilatlar da haqqında uzun müddət danışdığımız məsələnin ciddiliyini dərk etməyə başlamışlar. Dağlıq və Aran Qarabağın işğal olunmuş əraziləri yalnız bizim region üçün deyil, həm də bütün Avropa üçün təhlükə mənbəyidir.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm, bəzi hallarda bu məsələ Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlərdə müəyyən anlaşılmazlıq doğurur. Bizə dəfələrlə deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında əməkdaşlıq etməli, iqtisadi əlaqələr qurmalı, birgə iqtisadi layihələr həyata keçirməlidirlər. Guya bu, sülhün bərqərar olmasına, qarşılıqlı inam yaranmasına və s. kömək edəcəkdir. Biz bütün ölkələrlə iqtisadi əməkdaşlığa hazırıq, çıxışımın əvvəlində dediyim kimi, iqtisadiyyatda açıq qapı siyasətini əsas götürürük. İqtisadiyyatımız sərbəstləşdirilib və biz anlayırıq ki, qarşılıqlı surətdə faydalı beynəlxalq əməkdaşlıqdan, Qərb ölkələri ilə əməkdaşlıqdan Azərbaycan yalnız qazanacaqdır.
Amma elə şeylər var ki, biz onları edə bilmərik, bunlardan biri də Ermənistanla iqtisadi əməkdaşlıqdır. Biz Ermənistanla eyni vəziyyətdə deyilik, biz münaqişənin qurbanıyıq, ərazisi işğal olunmuş ölkəyik, təcavüzdən zərər çəkmiş tərəfik. Beləliklə, Ermənistan işğal olunmuş ərazilərdən çıxmayanadək Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıq mümkün deyildir. Mən, sadəcə, istəyirəm ki, bu əməkdaşlıqdan imtina etməyimizin səbəblərini başa düşə biləsiniz. Çünki bəzən elə təsəvvür yarana bilər ki, guya Ermənistan əməkdaşlığa can atır, biz isə bunu istəmirik, guya onlar konstruktiv mövqe nümayiş etdirirlər, biz isə yox. Məsələyə bu cür yanaşmaq olmaz. Biz əməkdaşlığa hazırıq, lakin o şərtlə ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilsin, həmin ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunsun və ölkəmizin ərazi bütövlüyü təmin edilsin.
Xanımlar və cənablar, vaxtınızı çox almaq istəmirəm. Nəzərə alaq ki, yenə çıxışlar olacaq, sonra isə müzakirələr başlayacaqdır. Mən bir daha əmin olduğumu bildirmək istərdim ki, bu toplantının Bakıda keçirilməsinin, həqiqətən, Azərbaycan iqtisadiyyatının Avropa iqtisadiyyatına və ümumiyyətlə, Azərbaycanın Avropaya daha dərin inteqrasiyasına böyük köməyi olacaqdır. Hamınıza uğurlar diləyir, bizim ölkədə vaxtınızın yaxşı keçməsini arzulayıram. Sağ olun.
X X X
AŞPA-nın İqtisadi Məsələlər və İnkişaf Komitəsinin sədri xanım Zapfl-Helblinq Rozmariye çox maraqlı, əhatəli və məzmunlu çıxışına görə cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
X X X
Sonra İqtisadi inkiaf naziri Fərhad Əliyev, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Əli Abbasov, maliyyə naziri Əvəz Ələkbərov çıxış edərək, Avropa Şurası Parlament Assambleyasının İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirdilər, bunun Avropa Şurası İlə Azərbaycan arasında faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üçün səmərəli olacağını bildirdilər.
Natiqlər dedilər ki, 1994-cü ildən etibarən Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsinə başlanmışdır. Bunlardan başlıca məqsəd dünyəvi, demokratik, bazar iqtisadiyyatına əsaslanan Azərbaycan dövlətçiliyinin qurulmasından ibarətdir. Həyata keçirilən iqtisadi islahatlar nəsticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin olunmuş, son altı ildə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artmış, inflyasiyanın qarşısı alınmış, büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizinə qədər endirilmiş, milli valyutanın məzənnəsi sabitləşmiş, iqtisadiyyatın inkişafına bütün mənbələr hesabına 10,1 milyard dollar həcmində sərmayə yönəldilmişdir.
Azərbaycan Prezidentinin rəhbərliyi altında uğurlu neft strategiyası həyata keçirilir. Dövlətimizin başçısının məlum Fərmanına uyğun olaraq, yoxsulluğun azaldılması və iqtisadi inkişafın təmin olunması üzrə Dövlət Proqramının hazırlanması məqsədi ilə xüsusi komissiya və işçi qrupları yaradılmışdır. Davam edən özəlləşdirmə prosesi nəticəsində 24 minə yaxın kiçik müəssisə özəlləşdirilmiş, 1500 orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilmiş, 10 min vətəndaş səhm, 140 min vətəndaş əmlak sahibi olmuşdur.
Bildirildi ki, indiyədək keçirilmiş investisiya müsabiqələri nəticəsində qalib gələn sərmayəçilər tərəfindən özəlləşdirilən müəssisələrə 200 milyon ABŞ dollarından çox vəsait qoyulmuşdur. Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sektorda aparılan islahatların birinci mərəhləsi başa çatmış, Prezidentin qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər üç il müddətinə vergilərdən azad edilmişlər.
Çıxış edənlər vurğuladılar ki, islahatların bütün istiqamətləri üzrə bir çox beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə uğurlu əməkdaşlıq edilir. Bu günədək Azərbaycanda iqtisadi islahatların aparılmasına, makroiqtisadi sabitliyin dəstəklənməsinə BVF tərəfindən 435 milyon ABŞ dolları, struktur islahatlarının aparılmasına, təhsil, mədəniyyət, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə Dünya Bankı tərəfindən 491 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir.
Azərbaycanın xarici ölkələrlə ikitərəfli əməkdaşlığı da sürətlə genişlənir. Belə ki, hazırda dünyanın 123 ölkəsi ilə ticarət əlaqələri qurulmuş, 30-dan çox ölkə ilə əməkdaşlığa dair 300-dən çox ikitərəfli sazişlər imzalanmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatına 1995-2001-ci illərdə 6,8 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb edilmişdir. 2002-ci ilin yanvar-mart aylarında isə bu göstərici 360 milyon dollar olmuşdur. Hazırda əhalinin hər nəfərinə düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki postsovet məkanında, hətta Şərqi Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Proqnozlara görə, yaxın üç ildə Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələr hesabına təxminən 10 milyard dollar sərmayə cəlb ediləcəkdir.
X X X
Fasilədən sonra iclas işini davam etdirdi. Avropa Şurasının üzvü olan dövlətlərin nümayəndələri gündəlikdəki məsələlər ətrafında geniş müzakirələr apardılar, respublikamızda iqtisadiyyat və digər sahələrdə əldə olunan nailiyyətləri, həyata keçirilən və nəzərdə tutulan islahatları yüksək dəyərləndirdilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev, habelə nazirlər iclas iştirakçılarını maraqlandıran suallara cavab verdilər.
SUAL: Cənab İlham Əliyev, Azərbaycanın dünyəvi dövlət haqqında söylədiyiniz fikirləri mən möhkəm müdafiə edirəm. Azərbaycanda neft və qaz sektorunun inkişafı ilə bağlı nə deyərdiniz və bu sahə əsas gəlir mənbəyidirmi?
İLHAM ƏLİYEV: Biz iqtisadiyyatın çoxşaxəliliyini planlaşdırırıq və bu istiqamətdə işləyirik. Ümumiyyətlə, Azərbaycanın vəziyyətini nəzərə almaq lazımdır. Bildiyiniz kimi, 1990-cı illərin əvvəllərində iqtisadiyyat dağılmışdı, tənəzzülə uğramışdı, Azərbaycana sərmayələrin gətirilməsi çox riskli bir iş idi. Sonralar biz bu sahədə çox böyük səylər göstərdik. Əgər siyasi sabitlik olmasaydı, müharibə dayandırılmasaydı, müxtəlif qanunsuz silahlı qrupların qarşısı alınmasaydı, tez-tez baş verən hakimiyyət dəyişikliklərinə son qoyulmasaydı, onda bu nailiyyətləri əldə etmək çətin olardı. Ona görə də iqtisadi inkişafa nail olmaq üçün yeganə çıxış yolu kimi, ölkəmizdə sabitliyin bərqərar edilməsinə başlanıldı. 1994-cü ildən Ermənistanla atəşkəs əldə olundu, qeyri-qanuni silahlı qruplar tərkisilah edildi və digər mühüm işlər görüldü.
Əlbəttə, neft amili iqtisadi siyasətimizdə ən vacib elementlərdən biridir. Böyük neft şirkətlərini Azərbaycana sərmayə qoymağa dəvət etmək ölkəmizin perspektiv inkişafı üçün çox gözəl zəmin yaratmışdır. Deməliyəm ki, indi və gələcəkdə neft və qaz Azərbaycanın ən başlıca gəlir mənbəyi, iqtisadiyyatın inkişaf elementi olacaqdır. Təbiidir ki, əgər neftdən gələn real gəlirləri başqa sahələrdən gələn gəlirlərlə müqayisə etsək, əlbəttə, birinci qat-qat çox olacaqdır.
Biz indi neft və qaz sektorunun inkişaf etdirilməsində çox mühüm mərhələni yaşamaqdayıq. Əminəm ki, bütün neft layihələri həyata keçirilsə, 2005-ci ilə qədər Azərbaycan milyardlarla dollar gəlir əldə edəcəkdir. Bütün bu gəlirlər Neft Fondunda cəmlənəcəkdir. Bundan Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün istifadə olunacaqdır. Eyni zamanda, ölkəmizə qoyulan sərmayələr də iqtisadiyyatın inkişafına yönəldilmişdir.
Biz neft və qeyri-neft sektorlarını bir-birindən ayırmamalıyıq. Bunlar iqtisadiyyatın tərkib hissələri kimi nəzərdən keçirilməlidir. Mən bayaq çıxışımda da dedim, biz başa düşürük ki, əvvəl-axır neft ehtiyatları tükənəcəkdir. Bəs sonra? Ona görə də ən vacib məqsədimiz neft amilindən səmərəli istifadə etmək, ölkəmizə sərmayə gətirməkdir. Aydındır ki, hələ qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycanda neft və neft məhsulları gəlir mənbəyi kimi qalacaqdır.
X X X
İlham Əliyev iclasın gedişində respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.
AZƏRBAYCANIN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI,MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN
MÜSAHİBƏSİ
SUAL: İlham müəllim, siz ingilis dilində çıxış etdiniz. Azərbaycan iqtisadiyyatının Avropa iqtisadiyyatına inteqrasiyası ilə əlaqədar çox əlamətdar məsələləri açıqladınız. İstərdik ki, bugünkü iclasın mahiyyəti barədə danışasınız.
CAVAB: Mən öz çıxışımda dedim ki, biz bu iclasa çox böyük əhəmiyyət veririk. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi onu göstərir ki, Azərbaycan iqtisadiyyatı Avropa iqtisadiyyatına inteqrasiya yolunda çox uğurlu addımlar atır. Biz iqtisadi cəhətdən inkişaf edirik. Azərbaycan yaxın gələcəkdə iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrdən birinə çevriləcəkdir.
Mən öz çıxışımda da Azərbaycanın iqtisadi vəziyyətini əks etdirən əsas amillərdən söz açdım, əsas göstəricilərdən danışdım. Əlbəttə, gələcək perspektivlərdən də söhbət açdım. Perspektivlər də çox gözəldir. Çıxışımda dedim ki, gələn iki-üç il ərzində Azərbaycanın neft-qaz sektoruna 9 milyard dollar sərmayə qoyulacaqdır. İki-üç il ərzində bu qədər vəsaitin qoyulması, inanmıram ki, hansısa başqa ölkədə mümkün olsun.
Azərbaycanın valyuta ehtiyatları bu gün 1milyard 200 milyon dollardan çoxdur. Halbuki, 1993-cü ildə Azərbaycanın xəzinəsi boş idi. Bütün bunlar onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi siyasət düzgün siyasətdir və öz bəhrəsini verir.
SUAL: İlham müəllim, Avropa Şurasının yay sessiyası ilə bağlı nə deyə bilərsiniz?
CAVAB: Yay sessiyası barədə heç bir şey deyə bilmərəm. Gündəlik hələ bizə göndərilməyibdir. Gündəlik göndəriləndən sonra biləcəyik ki, orada hansı məsələlər var.
SUAL: İlham müəllim, bu günlərdə məlumat yayıldı ki, siz Əfv Məsələləri Komissiyasına məhbusların əfv edilməsi ilə bağlı siyahı təqdim etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
CAVAB: Bu, birinci dəfə deyil. Mən əfv komissiyasına öz məktublarımı çoxdan göndərirəm. İş bundadır ki, həbs olunmuş insanlar, yaxud onların qohumları tərəfindən mənə çoxlu müraciətlər edilir. Mən də bunları aidiyyatı üzrə müvafiq strukturlara göndərirəm. Yəni bu proses bu gün başlanmır, bəlkə də dörd-beş ildir gedir. Sadəcə olaraq, mən bu barədə hər hansı açıqlama vermək fikrində deyildim. Hesab edirdim ki, bu, adi bir haldır.
SUAL: Əfvlə bağlı Prezidentin Fərmanı oldu. Sizin təqdim etdiyiniz siyahı orada nəzərə alınıbmı?
CAVAB: Mən gərək baxım. Çünki o siyahı işdədir, gərək baxam. Yəqin ki, nəzərə alınıbdır.
SUAL: Avropa Şurası Azərbaycana siyasi məhbusla bağlı siyahı təqdim edibdir. Onlar kimlərdir və bununla bağlı hansı tədbirlər nəzərdə tutulur?
CAVAB: O siyahı bəllidir. Avropa Şurasının nümayəndələri burada olarkən o siyahını bizə təqdim etmişdilər. Cənab Trekslerin rəhbərlik etdiyi ekspert qrupu 17 nəfərin siyahısı tərtib olunmuşdur. Amma iş bundadır ki, Azərbaycanı həm bu qrup monitorinq edir, həm AQO qrupu monitorinq edir, həm Kleyfart ilə Qross monitorinq edirlər, həm də Avropa Şurası Nazirlər Komitəsinin bu məsələyə təhkim olunmuş nümayəndələri monitorinq edir. Nə qədər monitorinq etmək olar?! Ona görə biz dəfələrlə bildirmişik ki, bu məsələdə əməkdaşlıq edək. Amma hər şeyin həddi var.
SUAL: İlham müəllim, yay sessiyasında siyasi məhbuslarla bağlı məsələ gündəliyə çıxarılacaqmı?
CAVAB: Bilmirəm. Mən inanmıram ki, bu məsələ gündəliyə çıxarılsın. Çünki gündəliyə çıxarılsa nə bizə, nə də Avropa Şurasına heç bir xeyri olmayacaqdır.
SUAL: İlham müəllim, Ermənistan öz konstitusiyasına Dağlıq Qarabağla bağlı maddə əlavə etmişdir. Ötən iclaslarda bizim nümayəndə heyətinin üzvləri bu məsələni Venesiya Komissiyası səviyyəsində qaldırmışdılar. Bu məsələ nə yerdədir?
CAVAB: Biz yəqin ki, iyun sessiyasında bu məsələ ilə maraqlanacağıq. Çünki bu, yolverilməz bir haldır. Səhv etmirəmsə, bu məsələni bir dəfə Gültəkin Hacıyeva qaldırmışdı və yazılı şəkildə komissiyaya müraciət etmişdi. Gərək biz rəsmi qaydada cavab alaq. Ona görə yəqin ki, biz uyun sessiyasında bu məsələnin nə yerdə olması barədə konkret söz deyə bilərik.
SUAL: Xəzəryanı ölkələrin Parlament Assambleyasının yaradılması barədə Rusiya nümayəndəsi Sergey Mironovun irəli sürdüyü təklif Xəzərin hüquqi statusunun müəyyənləşməsinə töhfə verə bilərmi?
CAVAB: Əgər belə bir Assambleya yaranarsa, bu, o məqsədlə olacaq ki, məsələnin həllinə kömək etsin. Əgər Assambleya hansısa başqa məqsədlər güdəcəksə, bilmirəm. Amma əsas məsələ Xəzəryanı ölkələrin müvafiq qurumları tərəfindən bir razılığa gəlməkdir. Bu olmayan halda, digər strukturlar buna o qədər də kömək edə bilməz.
X X X
AŞPA-nın İqtisadi Məsələlər və İnkişaf Komitəsinin iclası davam edir.
Foto Namiq Məmmədovundur