CƏMİYYƏT
Avtomobillərdən və idman zalından oğurluğa cəhd göstərən şəxslər polis tərəfindən saxlanılıb
![](/files/galleryphoto/2020/1/1200x630/1579613471429547735_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15796134711554816161_1200x630.jpg)
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 19-da saat 21 radələrində Səbail rayonunda A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs Səbail Rayon Mühafizə İdarəsinin ərazidə xidmət aparan əməkdaşları tərəfindən yaxalanıb. Onun paytaxt sakini X.Mustafayev olduğu müəyyənləşdirilib. Həmin şəxs 9-cu polis bölməsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də Nəsimi rayonundakı idman zallarının birindən 1125 manat, 2 velosiped və 1 mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Elə həmin polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayondakı “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.