ELM VƏ TƏHSİL
Azərbaycan alimləri müvafiq layihə çərçivəsində əldə olunan nəticələri Polşada müzakirə edəcəklər
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Fuad Səlimov sentyabrın 14-dən 24-dək Polşanın paytaxtı Varşava şəhərində səfərdə olacaqlar.
Eroziya və Suvarma İnstitutundan AZƏRTAC-a bildiriblər ki, səfər bu elm müəssisəsi ilə Polşanın Texnoloji-Təbiətdən İstifadə İnstitutu arasında imzalanmış müvafiq müqaviləyə uyğun olaraq təşkil ediləcək. Məqsəd “GİS texnologiyasından istifadə etməklə Azərbaycanda eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması” layihəsi çərçivəsində əldə olunan nəticələrin müzakirə edilməsi və gələcəkdə bu sahədə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsidir.