İDMAN
Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinin iclası keçirilmişdir
Bakı, 16 oktyabr (AZƏRTAC). Azərbaycan Basketbol Federasiyası (ABF) Rəyasət Heyətinin iclası keçirilmişdir.
ABF-dən AZƏRTAC-a bildirmişlər ki, iclasda yaxın 5 il üçün ölkədə basketbolun inkişafına dair məruzələr dinlənilmişdir. İdmanın bu növünün inkişaf proqramı keçmiş 10 ildə respublika basketbolunda görülən işlərə əsaslanır. Belə ki, 2012-ci ildən ölkəmizdə müntəzəm olaraq birinci dəstənin, Super liqanın və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışları keçirilir. 2005-ci ildə İslam Olimpiadasının qızıl medalları, bir il sonra İnkişaf Kubokunun qazanılması və 2008-ci ildə C divizionunda çempionluqla yanaşı, 2010-2011-ci illərdə B divizionunda millinin uğurlu çıxışı və nəhayət cari ildə Avrobasketin seçmə mərhələsində millimizin layiqli mübarizəsi diqqəti Azərbaycana yönəltmişdir.
Bildirmişdir ki, bu uğurlu inkişaf fonunda basketbolumuzun zəif nöqtələri də var. Respublikamızda basketbolun əsas problemlərindən biri təlim-məşq zallarının yararsız olmasıdır. Bu səbəbdən basketbol kadrlarının lazımi səviyyədə olmaması dünyada ikinci olan bu idman növünə öz mənfi təsirini göstərməkdədir. Amma ABF bu kimi çətinliklərin öhdəsindən gələrək basketbolçuların yetişdirilməsi işini dayandırmamışdır. Belə ki, Avrobasketdə Azərbaycan basketbolçularının əzmkar mübarizəsini qeyd edən Beynəlxalq Basketbol Federasiyasının (FİBA) rəsmiləri diqqətlərini ölkəmizə yönəltmişlər. FİBA-dan ABF-yə gələn bir çox təkliflər hazırda müzakirə obyektidir. Bu qəbildən təkliflər Türkiyə, Rusiya, Qazaxıstan və Litva Basketbol Federasiyalarından da gəlmişdir.