İQTİSADİYYAT
Azərbaycan Belarusun regionları ilə əməkdaşlığa maraq göstərir
![Azərbaycan Belarusun regionları ilə əməkdaşlığa maraq göstərir](/files/2022/2/1200x630/1651759960662544855_1200x630.jpg)
Minsk, 5 may, AZƏRTAC
Azərbaycan Belarusun regionları ilə əməkdaşlığa maraq göstərir.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu fikri Brest vilayətinin icraiyyə komitəsinin sədri Yuri Şuleyko ilə görüşdə söyləyib.
Səfir deyib: “Azərbaycan-Belarus münasibətləri bizim prezidentlərin yüksək səviyyədə etimadına əsaslanır. Ölkələrimiz arasında əmtəə dövriyyəsi bunu birbaşa təsdiq edir. 2020-ci ildə əmtəə dövriyyəsinin həcmi 425 milyon dollar olduğu halda 2021-ci ildə müvafiq göstərici 1 milyard dollara yaxın olub”.
Azərbaycanda böyük infrastruktur layihələri nəzərdə tutulduğunu qeyd edən səfir Ü.Baxşəliyev deyib: “Belarusun təcrübəsi bizim üçün çox maraqlıdır. Ona görə də regionlara səfəri iqtisadi blokdan başlayırıq, şirkətlərlə əlaqə yaradırıq. Bu gün “STiM” şirkətində olduq, bu şirkət bizi maraqlandırıb”.
Bu ilin yanvar-mart aylarında Brest vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsi təqribən 50 faiz artıb. Kənd təsərrüfatı bitkilərinin yığılması və döyülməsi üçün maşın və mexanizmlər tədarükü 15 dəfə artıb. Brestlilər Azərbaycana akkumulyatorlar və mebel də ixrac edirlər.
Yuri Şuleyko deyib: “Lakin biz Azərbaycana əsasən qida məhsulları ixrac edirik. Süd məhsullarına tələbat daha çoxdur. Bizim vilayət aqrar sahə üzrə ixtisaslaşır. Çox güman ki, bu il bizim respublikadan ümumi ixracın 30 faizi ət-süd məhsullarının payına düşəcək”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk