ORDU
Azərbaycan beynəlxalq müdafiə sənayesi sərgisində 33 ölkədən 170-dən artıq şirkət iştirakını təsdiq edib
![Azərbaycan beynəlxalq müdafiə sənayesi sərgisində 33 ölkədən 170-dən artıq şirkət iştirakını təsdiq edib](/files/2014/2/1200x630/14087227801975532551_1200x630.jpg)
Bakı, 4 avqust (AZƏRTAC). Sentyabrın 11-dən 13-dək Bakıda ilk dəfə olaraq “ADEX 2014” - Azərbaycan beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.
“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildiriblər ki, milli müdafiə qüdrətimizin - müasir silah və texnikaların möhtəşəm nümayişi Azərbaycan Respublikasının Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin təşəbbüsü və dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunacaq. “ADEX 2014” sərgisinin təşkilati tərəfdaşı isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
Son illərdə Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib, ordunun maddi-texniki təchizat bazası kompleks şəkildə müasirləşdirilib və döyüş qabiliyyəti artırılıb. Azərbaycan xaricdən ən müasir hərbi texnika almaqla yanaşı, yerli hərbi sənayeni də inkişaf etdirərək genişləndirir. Dünya sərgilərində Azərbaycan müdafiə sənayesinin məhsulları nümayiş etdirilir və respublikanın ixrac imkanları ildən-ilə artır.
Müdafiə sənayesi sahəsində ölkənin uğurlarını və nüfuzlu xarici sənaye qurumlarının Azərbaycan ilə əməkdaşlığa olan marağını nəzərə alaraq “ADEX 2014” sərgisinin təşkili barədə qərar qəbul edilib. Böyük marağa səbəb olan ilk sərgi yeni qlobal nailiyyətlər və yerli istehsalın ən böyük nümayiş meydançasına çevriləcək.
Dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət “ADEX 2014” sərgisində iştirakını təsdiq edib. Azərbaycan, Türkiyə, Belarus, Koreya Respublikası, Polşa, İsrail, Ukrayna və Rusiyadan 8 milli qrup sərgidə ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri milli pavilyonda ölkəmizin nailiyyətləri və perspektivləri barədə məlumat verəcəklər.
“ADEX 2014”ün iştirakçıları arasında məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan”, “Havelsan” ( hər ikisi Тürkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan “Damen Shipyards Group” çıxış edir.
Ümumiyyətlə, “ADEX” sərgisində hərbi silahlar, radar qurğuları, döyüş sursatları, hərbi təchizat, mina əleyhinə sistemlər, elektron mühafizə vasitələri, yerdə, suda və havada mühafizə sistemləri, kosmik texnologiyalar, hərbi-dəniz texnikası və silahlar, aviasiya texnikasının müasirləşdirilməsi və təmiri üzrə proqramlar, texniki kəşfiyyat vasitələri, telekommunikasiya, optik elektron cihazlar, mühəndis qurğuları, xüsusi texnika, simulyatorlar və təlim proqramları, eləcə də bir çox digər məhsullar nümayiş etdiriləcək.
Sərgi çərçivəsində müvafiq qurumları rəhbərləri, istehsalçı şirkətlərin təmsilçiləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
“ADEX 2014” çərçivəsində keçiriləcək “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans isə işgüzar proqramda əsas yer tutur. Konfransın proqramına mütəxəssislər, hərbi ekspertlər, dövlət strukturları və biznes nümayəndələrinin çıxışları daxildir. Ümumilikdə, konfransda 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur. Konfrans “Jumeirah Bilgah Beach Hotel”də keçiriləcək.
“ADEX” sərgisi ölkənin hərbi potensialını nümayişi, biliklərin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydançaya çevrilməklə yanaşı, hazırkı sənayedə gələcək əməkdaşlıq üçün silah və hərbi texnikanın istehsalçılarının, sifarişçilərinin də diqqətini cəlb edəcək.