AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA GƏNCLƏR CƏMİYYƏTİ MÜXALİFƏTİN BƏDNAM HƏRƏKƏTLƏRİNİ QƏTİYYƏTLƏ PİSLƏYİR
Bununla bağlı cəmiyyətin qəbul etdiyi bəyanatda deyilir ki, xalqımızın milli mentalitetinə, yüksək əxlaqi prinsiplərinə, Ümumavropa demokratik dəyərlərinə xas olmayan belə hərəkətlərə yalnız Azərbaycanın düşmənləri yol verə bilər. Prezident seçkilərində biabırcasına uduzacaqlarını başa düşən müxalifət liderləri öz məğlubiyyətlərini indidən ört-basdır etmək üçün iyrənc əməllərə əl atırlar. Bu, seçkilər ərəfəsində dövlətimizin başçısı haqqında yalan informasiyalar yaymaq, Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, ölkədə xaos və anarxiya yaratmaq məqsədi ilə hazırlanmış iyrənc ssenarinin tərkib hissəsidir. Belə çirkin yazıların müəllifləri, eləcə də onların bədnam havadarları unutmamalıdırlar ki, əməlləri üçün cavab verməli olacaqlar.
Öz şəxsi, çirkin iddialarını ümumxalq, ümumdövlət mənafeyindən üstün tutan, heç bir sosial dayağı olmayan, yalnız xaricdən göndərilən maliyyə dəstəyinə arxalanaraq, hakimiyyəti hər vəchlə ələ keçirməyə cəhd edən, bu məqsədlə hətta iblislə belə əməkdaşlığa hazır olan ünsürlərin pozuculuq fəaliyyəti Azərbaycan-Böyük Britaniya Gənclər Cəmiyyəti tərəfindən qəzəblə pislənir.
Xalq artıq öz seçimini etmişdir. Azərbaycan xalqı sabitliyi, əmin-amanlığı, inkişafı, demokratik dövlət quruculuğunu davam etdirmək əzmindədir.
Əminik ki, ölkə əhalisi bu il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu zati-aliləri Heydər Əliyevi yenə də dəstəkləyəcəkdir.