SİYASƏT
AZƏRBAYCAN DAXİLİ İŞLƏR NAZİRİNİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin daxili işlər naziri Rüşdü Kazım Yucelenin dəvəti ilə Ankaraya səfərə gəlmişdir.
Azərbaycan nümayəndələri əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərək, əklil qoymuşlar. Sonra Ramil Usubov Ankara Əməliyyat Baş İdarəsinin müdiri İbrahim Kamal Önal ilə görüşmüşdür. Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Jandarma baş komandanı, ordu generalı Aytac Yalmanla keçirilən görüşdə dost və qardaş ölkələrimiz arasındakı münasibətlərdən söhbət getmiş, tərəfləri maraqlandıran məsələlər haqqında fikir mübadiləsi aparmışlar.
Mayın 1-də Türkiyə və Azərbaycanın daxili işlər nazirlərinin görüşü olmuşdur. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın inkişaf etdirilməsi, cinayətkarlığa, qaçaqmalçılığa qarşı mübarizədə səylərin birləşdirilməsi, beynəlxalq terrorizmlə mübarizədə birgə fəaliyyət göstərilməsi və başqa məsələlər ətrafında ətraflı söhbət getmişdir. Nazirlər görüşün yekununa dair protokol imzalamışlar.
Mayın 2-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov və nümayəndə heyətinin üzvləri Ankaradakı Polis Akademiyasına gəldi. Polis Akademiyasının komandanı Tunsay Yılmaz qonaqları səmimiyyətlə qarşılamış, bu təhsil ocağının fəaliyyətindən danışmışdır.
Sonra nümayəndə heyətimiz Azərbaycanın böyük dostu, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəli ziyarət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səmimi salamlarını Süleyman Dəmirələ çatdıran Ramil Usubov Türkiyəyə səfəri haqqında söhbət açmışdır. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirən cənab Süleyman Dəmirəl əlaqələrin daha da dərinləşdirilməsi üçün belə səfərlərin əhəmiyyətini vurğulamışdır. O, əziz dostu və qardaşı Prezident Heydər Əliyevə səmimi salamlarını, dərin hörmət və ehtiramını çatdırmağı xahiş etmiş, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, uğurlar arzuladı.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara