ELM VƏ TƏHSİL
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə elmi-metodiki seminar keçirilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili (rus bölməsində) fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda 2011-ci ildə ali məktəblərə ikinci ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqları (B variantı, 1-25) və rus bölməsində Azərbaycan dili fənni üzrə təqdim edilmiş model test tapşırıqları elmi-metodiki baxımdan müzakirə edilmişdir.
İclasda ikinci ixtisas qrupu (B variantı) üzrə Azərbaycan dili fənnindən test tapşırıqlarının qəbul proqramına və dərsliklərə tam uyğun olduğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənmişdir.
Növbəti seminarda dördüncü ixtisas qrupu üzrə builki qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının (A variantı, 1-25), rus bölməsində isə Azərbaycan dili fənni üzrə təqdim olunmuş model test tapşırıqlarının müzakirəsi davam etdiriləcəkdir.